İsveçrə Alplarında yerləşən və cəmi 12 daimi sakini olan Muleqns kəndində dünyanın ən hündür 3D çap binası inşa edilib. “Ağ Qala” mənasını verən “Tor Alva” adlı tikilinin hündürlüyü 30 metrdir.
Bina 32 ədəd 3D çap beton sütundan ibarət modul konstruksiya ilə hazırlanıb. Tikilinin hissələri sementlə deyil, xüsusi vintlər və polad kabellərlə birləşdirilib. Bu da gələcəkdə binanın sökülərək başqa əraziyə daşınmasına imkan yaradır.
Layihənin diqqətçəkən məqamlarından biri isə tikintidə klassik polad skeletdən istifadə olunmamasıdır. Mütəxəssislər bildiriblər ki, bu texnologiya daha az material sərfiyyatı və daha səmərəli tikinti imkanı yaradır.
“Tor Alva” Sürix Federal Texnologiya İnstitutunun memar və tədqiqatçıları tərəfindən hazırlanıb. Layihənin əsas məqsədi 3D çap texnologiyasının tikinti sektorunda daha davamlı və təkrar istifadə edilə bilən tikililər üçün imkanlarını nümayiş etdirməkdir.
Binanın ən üst mərtəbəsi isə teatr və müşahidə meydançası kimi istifadə olunacaq.
