Türkiyə modeli Azərbaycana gətirilir: Falçı və ekstrasenslərə ŞOK QADAĞA GƏLİR!

​Son dövrlərdə sosial şəbəkələrdə falçı, ekstrasens və bu kimi fəaliyyətlə məşğul olan şəxslərin aktivliyinin artması cəmiyyətdə ciddi narahatlıq və müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Referans Media-ya açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədri, deputat Musa Quliyev bu fəaliyyətlərin qanunvericiliklə tənzimlənməsi və reklamına tam qadağa qoyulması zərurətindən danışıb.


​Musa Quliyevin sözlərinə görə, bu şəxslər konkret dələduz və şarlatanlardır. Onların göstərdiyi xidmətin heç bir faydası yoxdur və əsasən psixoloji cəhətdən zəif, ağır duruma düşmüş insanları təsir altına salaraq onların pullarını mənimsəyirlər.


​Deputat bildirib ki, təəssüf ki, mövcud Azərbaycan qanunvericiliyində bu şəxslərin fəaliyyəti nə qadağan olunur, nə də təqdir edilir — yəni tam tənzimlənməmiş qalır:


​" "Reklam haqqında" qanunda tam sağaltma, zəmanət vermə kimi ifadələrdən istifadəyə məhdudiyyət olsa da, bu şəxslərin ümumi fəaliyyətinə və təbliğatına konkret qadağa yoxdur. Ona görə də onlar sosial şəbəkələrdə daha rahat aktivlik göstərirlər. Yalnız zərərçəkən şəxs şikayət etdiyi halda həmin şəxslər barəsində

Dələduzluq maddəsi ilə cinayət işi qaldırmaq mümkün olur. Şikayət olmadıqda isə onların fəaliyyəti məhdudiyyətsiz qalır."


​Musa Quliyev vurğulayıb ki, Türkiyədə oxşar sahə üzrə qəbul edilən qanunvericilik təcrübəsindən

Azərbaycanın da bəhrələnməsi çox faydalı olar:
​" "Psixoloji yardım haqqında" Qanuna əsasən, yalnız ali təhsilli psixoloqlar, klinik psixoloqlar və müvafiq icazəsi (lisenziyası) olan şəxslər psixoloji yardım göstərə bilər. Hər hansı təhsilsiz şəxsin insanlara psixoloji və ya psixiatrik təsir göstərməyə ixtiyarı yoxdur. Hesab edirəm ki, cəmiyyətdə də bu sahənin tənzimlənməsi üçün güclü sosial sifariş var. Ən azından bu insanların fəaliyyətinin məhdudlaşdırılması, onların təbliğatı və reklamının tam qadağan edilməsi barədə ciddi düşünmək və qanunvericiliyə baxmaq lazımdır."


​Deputatın açıqlaması bir daha göstərir ki, sosial şəbəkələrdə insan ehtiyaclarından və çətin vəziyyətindən suistifadə edən şarlatanlara qarşı hüquqi mübarizənin gücləndirilməsi artıq vaxtı çatmış bir zərurətdir. Yaxın gələcəkdə parlament səviyyəsində bu istiqamətdə qanunvericilik təşəbbüslərinin gündəmə gətirilməsi gözlənilir.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki