Mətbəxlərdə geniş istifadə olunan kartof və soğanın eyni yerdə saxlanılması onların daha tez xarab olmasına səbəb olur. Mütəxəssislər bildirir ki, bu geniş yayılmış vərdiş həm maddi itkiyə, həm də sağlamlıq risklərinə yol aça bilər.
Araşdırmalara görə, soğan yüksək miqdarda etilen qazı ifraz edir. Bu qaz isə kartofun vaxtından əvvəl yetişməsinə, cücərməsinə və qısa müddətdə çürüməsinə səbəb olur. Digər tərəfdən, kartofun tərkibindəki yüksək nəm soğanın yumşalmasına və tez xarab olmasına gətirib çıxarır. Nəticədə hər iki məhsul istifadə üçün yararsız hala düşür.
Mütəxəssislər qeyd edir ki, etilen qazı meyvə və tərəvəzlərin yetişmə prosesini sürətləndirən təbii maddədir. Bu səbəbdən kartofun alma, armud və avokado kimi etilen ifraz edən məhsullarla birlikdə saxlanılması da tövsiyə edilmir.
Bundan əlavə, kartofun düzgün şəraitdə saxlanmaması daha ciddi təhlükələr yarada bilər. Günəş işığına və ya temperatur dəyişikliklərinə məruz qalan kartof yaşıllaşır və bu zaman tərkibində “solanin” adlı zəhərli maddə yaranır. Bu cür kartofların istifadəsi sağlamlıq üçün risklidir.
Mütəxəssislər kartofun sərin, qaranlıq və yaxşı havalanan mühitdə saxlanılmasını, soğanın isə hava dövranı olan, nisbətən quru yerlərdə yerləşdirilməsini tövsiyə edir. Hər iki məhsulun ayrı-ayrılıqda saxlanılması onların daha uzun müddət təzə qalmasına kömək edir.






















