Kəndləri boşaldan səbəb: Məktəblərin bağlanması doğru qərardır?

Son vaxtlar aktual olan məsələlərdən biri də regionlarda fəaliyyət göstərən məktəblərin rasionallaşmasıdır.

Burada şagird sayı az olan təhsil müəssisələrinin birləşdirilməsi, tipinin dəyişdirilməsi və ya bağlanması prosesi nəzərdə tutulur.

Bu istiqamətdə bir sıra addımlar atılıb ki, şagird sayı az olan bəzi məktəblərdə onlayn təhsil sisteminin tətbiqi, eyni zamanda yaxın kəndlərdəki məktəblə birləşdirilməsinə başlanılıb.

Qeyd edək ki, bugünlərdə Şəkinin Daşbulaq kənd məktəbinin bağlandığı, müəllimlərə isə artıq bununla bağlı bildirişin gəldiyi barədə məlumat yayılmışdı.

Onu da vurğulayaq ki, bu proseslər bir sıra problemlər yaradır və onlardan biri də odur ki, onsuzda əhalisinin sayı azalan kəndlərin daha da boşalmasına səbəb olur.

Bir tərəfdən şəhərdə urbanizasiyanın qarşısını almaq lazım olduğu deyilsə də, digər tərəfdən bölgələrdə sosial strukturlar insanları oradan uzaqlaşdırır, işsizlik yaranmasına səbəb olur.

Bəs mövcud problemin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

 Referans Media-ın məlumatına görə, İqtisadçı-ekspert Rəşad Həsənov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu kimi hallar Azərbaycan hökumətinin son iki onillikdə üzləşdiyi mühüm dilemmalardandır: 

“Burada bir tərəfdə dövlət vəsaitlərinin səmərəli istifadə edilməsi, eyni zamanda digər tərəfdən isə regionlarda müvafiq sosial infrastrukturun mövcudluğu, əhalinin nəzarət olunmayan daxili miqrasiyasının, nəzarətsiz urbanizasiya meyillərinin  qarşısının alınması kimi çağırışlar dayanır.

Bu, indiki şərtlər daxilində bugünədək formalaşdırılmış sosial-iqtisadi konyukturda həlli mürəkkəb görünən bir məsələdir. Burada bir tərəfdən hər bir Azərbaycan vətəndaşının təhsil hüququ var və bu təmin olunmalıdır.

Alternativ mexanimlər vasitəsilə də bunun həlli təşkil oluna bilər. Bir neçə kəndin təhsil infrastrukturunun birləşdirilməsi və bu istiqamətdə nəqliyyat xidmətlərinin təşkil edilməsi indiki şərtlər daxilində daha səmərəli görünür.

Bu vəsaitlərin səmərəli şəkildə idarə edilməsinə gətirib çıxarmaqla yanaşı daha effektiv təhsil mühitinin formalaşdırılmasına da kömək edə bilər”.

Onun sözlərinə görə, ancaq digər bir tərəfdən əhalinin məşğulluğu ilə bağlı risklər də önə çıxır:

“Xüsusilə də kəndlərdə vətəndaşlar çox az sahələrdə muzdlu əmək fəaliyyəti ilə məşğul ola bilir ki, bunlardan biri də məktəblərdir. Sosioloji sorğular onu göstərir ki, kəndlərdə daha çox məhz təhsil sahəsində özünə iş tapan şəxslər yaşayırlar. 

Belə bir şəraitdə hökumət ciddi şəkildə regionların tarazlı inkişaf strategiyalarını həyata keçirməlidir. Mövcud iqtisadi model özünü doğultmadı. Təmərküzləmiş model, yəni regionlarla paytaxt və onun ətrafı arasında ciddi rifah, infrastruktur fərqləri formalaşdırdı.

Bu isə hazırda üzləşdiyimiz daxili miqrasiyanın əsas parametrləri hesab oluna bilər. Burada regionların sosial-iqtisadi infrastrukturu ilk növbədə məşğulluğun təmin edilməsindən keçir.

Regionlarda ölkə iqtisadiyyatının inkişaf modeli təkmilləşdirilməli, liberal modelə keçilməli, sərhəd bölgələrinin iqtisadiyyatının formalaşmasına mühüm töhfə verən sərhəd ticarəti kimi imkanlar bərpa olunmalıdır.

Xüsusilə də aqrar sektor olaraq məşğulluğun bu istiqamətdə imkanları, o cümlədən xidmət sahəsinin təşviqi, təşəkkül tapması yolu ilə artırılmalı, dəstəklənməli, kompensasiya olunmalıdır.

Kifayət qədər mürəkkəb, kombinə olunmuş, sosial və iqtisadi siyasətləri həyata keçirilməsini tələb edən bir məsələdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki