Azərbaycanda internetin sürəti, bağlantının sabitliyi və xidmət keyfiyyəti ilə bağlı narazılıqlar davam edir. İstifadəçilər xüsusilə bəzi ərazilərdə internetin zəif işləməsindən və sürətin aşağı olmasından şikayətlənirlər. Bəs problemin əsas səbəbləri nələrdir? İnternetin keyfiyyətinin yaxşılaşdırılması üçün tariflərin artırılması zəruridirmi?
Mövzu ilə bağlı Referans Media-nın suallarını cavablandıran İT mütəxəssisi Kamran Əsədullayev bildirib ki, internetin keyfiyyəti yalnız bir amildən asılı deyil. Onun sözlərinə görə, bu, infrastruktur, bazar mühiti, tənzimləmə, texniki idarəetmə və investisiyaların birgə nəticəsidir.
Ekspert qeyd edib ki, Azərbaycanda istifadəçilərin ən çox qarşılaşdığı problemlərdən biri bəzi ərazilərdə genişzolaqlı şəbəkənin kifayət qədər müasir olmamasıdır. Son illərdə optik internetin yayılması sürətlənsə də, bütün yaşayış məntəqələrində eyni səviyyədə infrastruktur hələ formalaşmayıb. Nəticədə, xüsusilə pik saatlarda şəbəkənin yüklənməsi bağlantının sürətinə və sabitliyinə mənfi təsir göstərə bilir.
Kamran Əsədullayevin sözlərinə görə, digər mühüm amillərdən biri də provayderlər arasında rəqabətin səviyyəsidir. Rəqabətin güclü olduğu bazarlarda operatorlar daha sürətli internet, daha etibarlı xidmət və müştəri məmnuniyyətini artırmaq üçün davamlı investisiyalar həyata keçirirlər. Rəqabətin məhdud olduğu şəraitdə isə xidmət keyfiyyətinin yüksəldilməsi tempi nisbətən zəifləyə bilər.
İT mütəxəssisi əlavə edib ki, beynəlxalq internet kanallarının tutumu, daxili magistral şəbəkənin imkanları, avadanlıqların müasirliyi, texniki xidmətin operativliyi və kiberdayanıqlılıq kimi amillər də istifadəçi təcrübəsinə birbaşa təsir göstərir.
Tariflərin artırılması məsələsinə toxunan ekspert bildirib ki, bu addım internet keyfiyyətinin yaxşılaşdırılması üçün yeganə çıxış yolu hesab edilə bilməz. Onun fikrincə, səmərəli investisiya planlaşdırılması, şəbəkənin modernləşdirilməsi, rəqabətin təşviqi, yeni texnologiyaların tətbiqi və resursların daha effektiv idarə olunması hesabına da xidmət keyfiyyətini yüksəltmək mümkündür. Bir çox ölkələrin təcrübəsi göstərir ki, texnoloji yenilənmə və bazar islahatları qiymətlərdə ciddi artım olmadan da daha yüksək xidmət səviyyəsinə imkan yaradır.
Bununla belə, Kamran Əsədullayev vurğulayıb ki, uzunmüddətli perspektivdə iri həcmli infrastruktur layihələri əlavə maliyyə tələb edə bilər. Bu maliyyə operatorların investisiyaları, dövlət dəstəyi, güzəştli maliyyələşmə və ya müəyyən hallarda tarif siyasətinin yenilənməsi hesabına təmin oluna bilər. Onun sözlərinə görə, tarif artımı zəruri olarsa, bu, xidmət keyfiyyətində ölçülə bilən və şəffaf yaxşılaşmalarla müşayiət edilməlidir ki, istehlakçı etimadı qorunsun.
Ekspert sonda bildirib ki, internetin keyfiyyətinin yüksəldilməsi üçün əsas prioritet müasir infrastrukturun genişləndirilməsi, sağlam rəqabət mühitinin gücləndirilməsi və texniki idarəetmənin təkmilləşdirilməsidir. Tariflərin artırılması isə yalnız digər imkanlar kifayət etmədiyi və əldə olunacaq nəticələrin istifadəçilər üçün aydın şəkildə əsaslandırıldığı hallarda nəzərdən keçirilə biləcək vasitələrdən biri hesab oluna bilər.
Gülnaz Abdullazadə
