Gürcüstan Ermənistanın Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinə qoşulmasını istisna etmir və tranzit sahəsində İrəvanla əməkdaşlığı dərinləşdirməyə hazırdır.
Referans Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze BTQ-nin yeni dəmir yolu xəttinin açılış mərasimindən sonra bəyan edib.
Onun sözlərinə görə, Tbilisi regionun nəqliyyat və tranzit funksiyasının inkişafı çərçivəsində Ermənistanla əməkdaşlığa böyük önəm verir.
"Gürcüstanın birləşdirici funksiyasının inkişafından danışarkən, Ermənistana böyük əhəmiyyət verilir. Biz erməni dostlarımızla əməkdaşlığı və tərəfdaşlığı, o cümlədən tranzit funksiyasının inkişafı istiqamətində maksimum dərəcədə dərinləşdirməyə hazırıq", — deyə Kobaxidze qeyd edib.
Ermənistanın Bakı-Tbilisi-Qars layihəsinə mümkün qoşulması barədə suala cavab verərkən Gürcüstan hökumətinin başçısı belə bir variantın mümkün olduğunu bildirib.
