image-nasaaaabackend

Kosmosda gözlənilməz hadisə: Astronavt xəstələndi, missiya dayandırıldı

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) tarixində ilk dəfə olaraq kosmosda baş verən tibbi səbəbə görə astronavtların təcili təxliyəsi həyata keçirilib.

Referans Media xəbər verir ki, NASA və SpaceX-in birgə əməkdaşlığı çərçivəsində icra olunan Crew-11 missiyası zamanı ekipaj üzvlərindən birinin 7 yanvar tarixində səhhətində problem yaranıb. Bunun ardınca həkimlərin tövsiyəsi ilə astronavtın Yer üzündə müalicə alması qərara alınıb və ekipaj Beynəlxalq Kosmik Stansiyanı (ISS) tərk edib.

Astronavtları daşıyan kapsul NASA-nın ilk tibbi təxliyə əməliyyatı çərçivəsində Kaliforniya ştatının San-Dieqo şəhəri yaxınlığında Sakit okeana uğurla eniş edib.

Kapsulda NASA astronavtları Zena Kardman və Mayk Finke, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) nümayəndəsi Kimiya Yui və Rusiya Federal Kosmik Agentliyinin (Roscosmos) kosmonavtı Oleq Platonov yer alıb.

NASA tərəfindən yayılan rəsmi açıqlamada bildirilib ki, xəstələnən astronavtın kimliyi tibbi məxfilik səbəbilə açıqlanmır. Qeyd olunub ki, astronavt orbitdə olarkən vəziyyəti stabil olub, lakin Yer üzündə daha ətraflı tibbi müayinələrdən keçməsi zəruri hesab edilib.

Hadisədən sonra ekipaj üzvləri Zena Kardman və Mayk Finkenin planlaşdırılan kosmik yürüşü də ləğv edilib.

Qeyd edək ki, Crew-11 missiyasının 2025-ci ilin avqust ayında başlaması və ekipajın təxminən 6 ay ISS-də fəaliyyət göstərməsi planlaşdırılırdı. Missiya çərçivəsində Ayın cənub qütbünə yaxın eniş simulyasiyaları, mikroqravitasiyanın astronavtların görmə qabiliyyətinə təsirinin araşdırılması və bitki hüceyrələrinin kosmosda bölünməsi ilə bağlı elmi təcrübələrin aparılması nəzərdə tutulurdu.

Baş verən hadisə NASA tarixində kosmosda sağlamlıq riski ilə bağlı ilk rəsmi tibbi evakuasiya kimi qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki