Kremlin İrəvanı çökdürmək planı işə düşdü: İdxal tamamilə dayandırıldı, milyardlarla ziyan var

Rusiya Federasiyası ilə Ermənistan arasında son dövrlər alovlanan siyasi gərginlik iqtisadi müstəvidə daha dağıdıcı xarakter almağa başlayıb.

Referans Media xəbər verir ki, Rusiya bu gündən – 30 may 2026-cı il tarixdən etibarən Ermənistandan bəzi giləmeyvə və təzə tərəvəzlərin, o cümlədən pomidor, xiyar, bibər, göyərti növləri və çiyələyin ölkəyə idxalına rəsmən müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Nüfuzlu TASS agentliyinin yaydığı məlumata görə, bu kəskin qərar Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən qəbul edilib.

Qurumdan verilən rəsmi bəyanatda bildirilir ki, qadağaya səbəb son zamanlar Ermənistandan Rusiyaya göndərilən meyvə-tərəvəz məhsullarında fitosanitar qaydaların kütləvi şəkildə pozulması qeydə alınıb. Rusiya rəsmiləri mövcud vəziyyətin ölkə ərazisinin fitosanitar təhlükəsizliyinə birbaşa və ciddi təhdid yaratdığını xüsusi vurğulayıblar.

Digər tərəfdən, Rusiya kənd təsərrüfatı sektorunun ekspertləri və daxili bazar təmsilçiləri Ermənistandan gələn məhsullara qoyulan bu qadağanın ölkədə hər hansı tərəvəz qıtlığına səbəb olmayacağını, boşluğun dərhal digər tərəfdaş ölkələr hesabına doldurulacağını iddia edirlər. Buna baxmayaraq, analitiklər bu addımı Moskva ilə İrəvan arasında kəskinləşən siyasi qarşıdurmanın növbəti iqtisadi zərbəsi kimi qiymətləndirirlər./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki