İsveçrədə keçmiş gözəllik kraliçası və model Kristina Yoksimoviçin qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.
Referans Media xəbər verir ki, Hadisə ilə bağlı təqsirləndirilən şəxs – mərhumun həyat yoldaşı Mark Riben məhkəmə tərəfindən “xüsusilə qəddar və insanlıqdan kənar hərəkətlər”də təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.
İttiham aktına əsasən, cinayətin əvvəlcədən planlaşdırıldığı və təqsirləndirilən şəxsin hadisədən öncə müxtəlif araşdırmalar apardığı, o cümlədən bədənlə bağlı materiallar izlədiyi müəyyən edilib.
Məhkəmə prosesində təqdim olunan sübutlar, təqsirləndirilən şəxsin müdafiə versiyasını – yəni guya hadisənin “özünümüdafiə” nəticəsində baş verdiyini – təkzib edib. Ekspert rəyləri mərhumun həmin iddiaları təsdiqləyən hər hansı hücum hərəkəti göstərmədiyini ortaya qoyub.
Hadisə İsveçrədə geniş ictimai rezonans doğurub və ölkə mediasında “son illərin ən ağır cinayət işlərindən biri” kimi qiymətləndirilib.
Məhkəmə həmçinin təqsirləndirilən şəxsin mərhumun ailəsinə və övladlarına maddi təzminat ödəməsinə də qərar verib.
