Laricaninin ölümündən sonra İranda böhran? – Pezeşkianın istefa iddiası gündəmi silkələdi

İranda yüksək vəzifəli dövlət rəsmisi olan Əli Laricaninin İsrail hücumunda həyatını itirməsindən sonra ölkədə siyasi gərginliyin artdığı iddia olunur. Məlumatlara görə, bu hadisədən sonra İran rəhbərliyində ciddi fikir ayrılıqları yaranıb. 

Referans Media xəbər verir ki, İddialara əsasən, İran prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlara başlamağın tərəfdarıdır. Lakin bu təşəbbüsə ölkənin əsas hərbi strukturlarından biri olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sərt şəkildə qarşı çıxır.

Məlumata görə, Laricaninin ölümündən sonra İranın siyasi elitası daxilində müxtəlif mövqelər ortaya çıxıb. Prezident Pezeşkianın diplomatik danışıqların başlanmasını dəstəklədiyi, lakin SEPAH rəhbərliyinin bunu qəti şəkildə rədd etdiyi bildirilir.

Eyni zamanda, İranın ali dini liderinin oğlu Müctəba Xamenei adından yayılan bəyanatların da ölkə daxilində müzakirələrə səbəb olduğu qeyd olunur. İddialara görə, bəzi açıqlamalar birbaşa onun tərəfindən deyil, hərbi strukturlar tərəfindən hazırlanaraq yayımlanıb.

İsrailin Kanal 14 televiziya kanalının məlumatına görə, Prezident Pezeşkianın yaranmış vəziyyət fonunda istefa verməyi və siyasətdən çəkilməyi düşündüyü iddia edilir. Bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Ekspertlərin fikrincə, Əli Laricani son dövrdə İranın təhlükəsizlik və qərarvermə mexanizmlərində ən təsirli fiqurlardan biri hesab olunurdu. Onun ölümü ölkədə siyasi balansın dəyişməsinə səbəb ola biləcək hadisə kimi qiymətləndirilir.

İran hakimiyyəti Laricaninin İsrail hücumu nəticəsində öldüyünü açıqlayıb. Hücum zamanı onun oğlu, köməkçisi və bir neçə mühafizəçisi də həyatını itirib.

Prezident Pezeşkian hadisə ilə bağlı açıqlamasında Laricaninin ölümünü “çox ağır itki” adlandıraraq, onun qanının “ən qəddar rejimin əllərində töküldüyünü” bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki