Liviya nümayəndə heyətini daşıyan təyyarə qəzaya uğramamışdan əvvəl havada nə baş verdi?

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Ankaradan Liviyanın paytaxtı Tripoliyə uçan və sonradan qəzaya uğrayan xüsusi təyyarə ilə bağlı təfərrüatları açıqlayıb.

Nazir bildirib ki, təyyarə havaya qalxdıqdan təxminən 14 dəqiqə sonra ümumi elektrik nasazlığı səbəbilə PAN-PAN fövqəladə vəziyyət siqnalı verərək Esenboğa Hava Limanına geri dönmək üçün icazə istəyib.

Saat 20:33-də pilot tərəfindən 7700 fövqəladə vəziyyət kodu aktivləşdirilib, bundan qısa müddət sonra isə radar və radio əlaqəsində ciddi problemlər yaranıb. Saat 20:38-dən etibarən təyyarə ilə əlaqə tamamilə kəsilib.

Hadisədən sonra axtarış-xilasetmə əməliyyatlarına başlanılıb, uçuş təhlükəsizliyi məqsədilə Esenboğa Hava Limanında eniş və qalxışlar müvəqqəti dayandırılıb. Təyyarənin Ankaranın Haymana rayonu yaxınlığında qəzaya uğradığı müəyyən edilib.

Qəza yerində uçuş məlumatlarını qeyd edən qurğular – kokpit səs yazıcısı (CVR) və uçuş məlumatları yazıcısı (FDR) aşkar edilib. Qəzanın səbəbinin müəyyənləşdirilməsi üçün qeydiyyatların neytral ölkədə araşdırılacağı bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki