Türkiyənin Kahramanmaraş şəhərində yerləşən Ayser Çalık Orta Məktəbində baş verən silahlı hücumla bağlı yeni detallar ortaya çıxıb. Hadisə nəticəsində 10 nəfərin həyatını itirdiyi bildirilir.
Referans Media xəbər verir ki, hadisədən sonra məktəbdə oxuyan bir şagird hücumçunu təsvir edərək onun davranışları barədə açıqlama verib.
Adını açıqlamaq istəməyən şagird hücumçunun sosial davranışlarını belə izah edib: “Şübhəli İsa Aras Mersinli çox vaxt özünə qapanıq, az danışan və sosial əlaqələri zəif olan biri olub”.
Şagird həmçinin məktəbdə təhlükəsizlik tədbirlərinin artırılmasının vacibliyini vurğulayıb.
Məktəb şagirdinin dediyinə görə, Mersinlinin çoxlu dostu olmayıb. Onun yalnız bir nəfərlə ünsiyyət qurduğu, həmin şəxsin də oxşar xarakterə malik olduğu iddia edilib.
Araşdırmalar zamanı hücumçunun kompüterində 11 aprel tarixli bir sənəd aşkar edilib. Həmin sənəddə yaxın zamanda “böyük bir hərəkət edəcəyi” barədə qeydlərin olduğu bildirilir. Bu fakt hücumun əvvəlcədən planlaşdırıldığı ehtimalını gücləndirir.
Məlumata görə, İsa Aras Mersinli “WhatsApp” profil şəkli olaraq ABŞ-də kütləvi qətliam törədən Elliot Rodger adlı şəxsin fotosunu istifadə edib. Bu detal da araşdırmalara əlavə olunub.
Kahramanmaraş Prokurorluğu tərəfindən verilən açıqlamada bildirilib ki, ilkin araşdırmalara görə hadisənin terrorla əlaqəsi yoxdur və hücumun fərdi şəkildə həyata keçirildiyi ehtimal edilir.





















