ABŞ-da Hollivudun tanınmış rejissorlarından biri olan Rob Reyner və həyat yoldaşı Mişelin qətli ölkədə gündəmə çevrilib. Los-Ancelesdəki evlərində bıçaqlanmış halda tapılan məşhur cütlüyün oğlu Nik Reyner qətldə şübhəli bilinərək saxlanılıb və həbs olunub.
Referans Media xəbər verir ki, əfsanəvi Hollivud rejissoru, prodüser və aktyor Rob Reynerlə həyat yoldaşı Mişelin Los-Ancelesin elit Brentvud bölgəsində yerləşən evlərində ölü tapılmasından sonra başlanan istintaq davam edir. Hüquq-mühafizə orqanları cütlüyün bıçaqlanaraq qətlə yetirildiyini açıqlayıb.
Los-Anceles Şerif İdarəsindən adı açıqlanmayan rəsmi şəxs bildirib ki, 32 yaşlı Nik Reyner valideynlərinin evində ölü tapılmasından sonra qətl ittihamı ilə saxlanılıb və Los-Anceles həbsxanasına göndərilib. Məhkəmə onun üçün 4 milyon dollar məbləğində girov müəyyən edib.
Reyner cütlüyünün dəqiq ölüm səbəbi Los-Anceles Məhkəmə-Tibbi Ekspertiza İdarəsi tərəfindən aparılacaq araşdırmadan sonra açıqlanacaq.
Qeyd edək ki, məşhur rejissor Rob Reyner “Harri Salli ilə Tanış Olanda”, “Bir Neçə Yaxşı Adam” və “Şahzadə Gəlin” kimi kult filmlərin müəllifi kimi tanınır.






















