image-kremli11backend

Moskva İrəvana təzyiqi artırır – Rusiyanı qorxudan nədir?

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya məsələsinə görə rəsmi İrəvana açıq şəkildə xəbərdarlıq edib. O bildirib ki, Ermənistan eyni vaxtda həm Avropa İttifaqına, həm də Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqına üzv ola bilməz.

Bəs Ermənistanın yaxın vaxtlarda Avropa İttifaqına üzv olması mümkündürmü və Rusiya niyə bu qədər narahatdır?

Referans Media xəbər verir ki ,mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, Ermənistanın Rusiyanın təsir dairəsindən tədricən çıxması Moskva üçün ciddi narahatlıq mənbəyidir.

Onun fikrincə, öz imperiya maraqları üçün Ermənistandan istifadə edən Rusiya, indi bu ölkənin əks qütbdə dayanan Avropa İttifaqı ilə yaxınlaşmasını həzm edə bilmir:

“Rusiya Ermənistana təzyiq etməklə, Baş nazir Paşinyanı mümkün qədər Qərbdən uzaq tutmağa çalışır. Ermənistanı Ukraynanın aqibəti ilə təhdid edən Rusiyanın təzyiq rıçaqları getdikcə tükənir. Son ümid yeri olaraq Ermənistandakı agentura şəbəkəsini və sabiq hakimiyyət nümayəndələrindən ibarət siyasi dairələri hərəkətə keçirəcəyinə bel bağlayır. Kilsəni təzyiq vasitəsi kimi Paşinyana qarşı istifadə etsə də, ciddi nailiyyət əldə edə bilmədi”.

T.İrfan vurğulayıb ki, seçki ərəfəsində hakimiyyəti dəyişmək şansının əldən çıxacağını görən Moskva artıq birbaşa təhdid variantına əl atır:

“Lakin buna rəğmən, Ermənistanın yaxın gələcəkdə Avropa İttifaqına üzv olması real görünmür. Çünki Ukrayna ilə bağlı mövcud olan yanaşma Ermənistan üçün də keçərlidir. Avropa İttifaqı, Ukrayna böhranının hələ həll olunmadığı bir vaxtda, yeni bir ‘Ermənistan problemi’ yaratmaq istəməz”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki