ABŞ və İsrailin İranla qarşıdurması 18-ci gününə daxil olur və İsrail KİV-ləri dünyanı narahat edən yeni məlumatlar yayıb. Tel-Əviv hökumətinin İran üzərinə yönəlmiş əməliyyatların planlanandan daha uzun müddət davam edəcəyi və ən azı bir ay daha sürəcəyi proqnozlaşdırıldığı bildirilib.
Referans Media İsrailin Kanal 12 telekanalına istinadla xəbər verir ki, Tel-Əviv və Vaşinqton İran rəhbərliyinin devrilməsi üçün bütün mümkün variantları sınamağa hazırdır. İsrailli mənbələr, İsrailin hələ də “sürpriz əməliyyatlar” həyata keçirmə ehtimalını qoruduğunu qeyd ediblər.
İsrailli mənbənin bildirdiyinə görə, əməliyyatlar ilkin olaraq bir neçə həftəlik planlansa da, son qiymətləndirmələr müharibənin ən azı bir ay daha davam edəcək şəkildə göstərir.
ABŞ Hörmüz Boğazında nəzarəti ələ keçirməyi planlayır
Məlumatlarda ABŞ ordusunun Hörmüz Boğazında strateji nəzarəti ələ keçirməyi planladığı, İsrailin isə ABŞ əməliyyatlarına dəstək verəcəyi bildirilib. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın gözlənilməz addımlar ata biləcəyi, qərarlarını istənilən vaxt dəyişdirə biləcəyi qeyd olunub.
ABŞ-İsrail hücumları
28 Fevralda başlayan ABŞ və İsrail hücumlarında İranın lideri Əli Xamenei və çoxsaylı yüksək vəzifəli şəxslər öldürülüb. İran tərəfinin açıqlamasına görə, həlak olanların sayı 1348-i, yaralananların sayı isə 17 mini ötüb.
Savaş hələ də davam edir və regionda gərginlik artır.























