ABŞ ilə İran arasında planlaşdırılan kritik danışıqlar ərəfəsində tərəflər arasında gərginlik yenidən artıb. Pakistanın paytaxtı İslamabadda keçirilməsi nəzərdə tutulan görüşlərə saatlar qalmış tərəflərin sərt açıqlamaları diqqət çəkib.
Referans Media xəbər verir ki, Donald Tramp İranın Hörmüz boğazından keçən tanker gəmilərindən ödəniş tələb edə biləcəyi barədə yayılan məlumatlara reaksiya verərək bunun əldə olunmuş razılaşmaya zidd olduğunu bildirib. O, İranın bu addımı atacağı təqdirdə dərhal dayandırmalı olduğunu vurğulayıb və boğazdan neft daşımalarının sərbəst şəkildə davam etməsinin vacibliyini qeyd edib.
İranın ali lideri Müctəba Xamenei isə fərqli mövqe ortaya qoyaraq ölkəsinin hüquqlarından geri çəkilməyəcəyini bəyan edib. O, İranın müharibə istəmədiyini desə də, ölkəyə qarşı hər hansı hücumun cavabsız qalmayacağını bildirib. Müctəba Xamenei eyni zamanda Hörmüz boğazının idarə olunması ilə bağlı yeni mərhələyə keçiləcəyini də istisna etməyib.
Regiondakı gərginlik yalnız ABŞ və İranla məhdudlaşmır. Benyamin Netanyahu İsrailin Livanla birbaşa danışıqlara başlamağa hazırlaşdığını açıqlayıb. Onun sözlərinə görə, bu danışıqların əsas məqsədi Livandakı silahlı qruplaşmaların tərksilah edilməsi və iki ölkə arasında daha sabit münasibətlərin qurulmasıdır.
Digər tərəfdən İran Prezidenti Məsud Pezeşkian İsrailin Livana qarşı hücumlarını tənqid edərək bunun atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirildiyini bildirib. O, İranın regiondakı müttəfiqlərini tək qoymayacağını və hadisələri diqqətlə izlədiklərini vurğulayıb.
Diplomatik mənbələrin məlumatına görə, ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar Pakistanın paytaxtı İslamabad şəhərində keçiriləcək. Görüşlərin birbaşa deyil, vasitəçilər vasitəsilə aparılması planlaşdırılır. Tərəflərin ayrı zallarda olacağı, mesajların isə Pakistan rəsmiləri tərəfindən çatdırılacağı bildirilir.
Məlumata əsasən, ABŞ nümayəndə heyətinə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edəcək. İranı isə parlament sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi təmsil edəcək.
Analitiklər hesab edir ki, İslamabadda keçiriləcək bu danışıqlar regionda davam edən qarşıdurmanın taleyini müəyyən edə bilər. Lakin tərəflərin son açıqlamaları göstərir ki, proses kifayət qədər gərgin və çətin keçə bilər.






















