NATO-nun Baş katibi Mark Rutte bildirib ki, Rusiya İttifaqın növbəti hədəfi ola bilər və bir çox ölkə bu təhlükəni lazımi qədər ciddiyə almır. Rutte “Babalarımızın və ya nənələrimizin yaşadığına bənzər bir müharibəyə hazır olmalıyıq” deyə xəbərdarlıq edib.
Referans Media xəbər verir ki, NATO Baş katibi Mark Rutte Berlin şəhərində Münhen Təhlükəsizlik Konfransının təşkil etdiyi və Almaniyanın xarici işlər naziri Yohann Vadefulun moderatorluğu ilə keçirilən paneldə çıxış edib. Rutte Rusiyanın qarşıdakı beş il ərzində hər hansı NATO ölkəsinə hücum edə biləcəyini irəli sürərək, “Babalarımızın və ya nənələrimizin yaşadıqlarına bənzər bir müharibəyə hazırlıqlı olmalıyıq” ifadəsini işlədib.
Qərb kəşfiyyat orqanları da Rusiyanın bu istiqamətdə planlar qurduğunu bildirir. Moskva isə bu açıqlamaları “isteriya” adlandırır. Lakin Kremlin bənzər təkzibləri Ukraynanın 2022-ci il işğalından əvvəl də səsləndirdiyi xatırladılır.
“Putin səmimi deyil”
Rusiya Prezidenti Vladimir Putin ayın əvvəlində ölkəsinin Avropa ilə müharibə planı olmadığını, lakin müharibə başlayacağı təqdirdə ordunun “hazır vəziyyətdə” olduğunu iddia etmişdi. Putin Avropa ölkələrini ABŞ-ın Ukraynada sülh yaratmaq cəhdlərinə mane olmaqda günahlandırır. Rutte isə Berlin panelində çıxış edərək Putinin bu açıqlamalarının səmimi olmadığını bildirib.
“Rusiyanın növbəti hədəfi bizik”
NATO Baş katibi: “Bura NATO-nun hazırkı vəziyyətini və müharibə başlamadan öncə onun qarşısını almaq üçün nə etməli olduğumuzu izah etmək üçün toplaşmışıq. Rusiyanın növbəti hədəfi bizik”, — deyə vurğulayıb.
Son bir ildə müdafiə istehsalının artsa da bunun “sevinmə vaxtı olmadığını” deyən Rutte belə davam edib:
“Düşünürəm ki, hələ də çox adam səssizcə biganə qalır. Çoxları vəziyyətin təcili olduğunu hiss etmir və zamanın bizim xeyrimizə işlədiyini düşünür. Bu belə deyil. Hərəkətə keçməyin vaxtı indi çatıb.”
Rutte həmçinin qeyd edib ki, müdafiə xərcləri və istehsal sürətlə artırılmalı, orduların ölkələri qorumaq üçün lazım olan imkanlara malik olması təmin edilməlidir. Ukraynanın özünü müdafiə etmək üçün ehtiyac duyduğu hər şeyə “indi sahib olmasının” lazım olduğunu vurğulayıb.
“Rusiya daha da qəddar və amansız olur”
Rutte Rusiyanın həm NATO-ya, həm də Ukraynaya qarşı bu il “daha laqeyd və daha amansız” davranmağa başladığını qeyd edib və Rusiyanın ayda təxminən 2 900 ədəd silahlı pilotsuz uçuş aparatı istehsal etdiyi barədə məlumatları xatırladıb. Ukraynada sülh razılaşmasının Yeni ildən əvvəl əldə edilib-edilməyəcəyi ilə bağlı suala Rutte “Bunu demək çətindir” cavabını verib. O, ABŞ başda olmaqla müttəfiqlərin bu istiqamətdə ciddi səylər göstərdiyini vurğulayaraq əlavə edib:
“ABŞ və Avropanın Ukrayna məsələsində ortaq mövqedə bir araya gələcəyinə inanıram. Bəli, əminəm. Düşünürəm ki, bunun öhdəsindən gələ bilərik. Rusiyanın bunu qəbul edəcəyinə isə əmin deyiləm.” Rutte bunun Rusiya üçün “böyük bir sınaq” olacağını deyib.
Rutte ABŞ-ın Avropaya yönəlik tənqidlər səsləndirilən milli təhlükəsizlik strategiyasına münasibət bildirərək deyib:
“Əslində bu strategiya Avropa təhlükəsizliyinə tam bağlılıq, NATO-ya tam bağlılıq və Avroatlantik məkanın yalnız birgə hərəkətlə müdafiə oluna biləcəyi gerçəyini əsas tutur. Müzakirə ediləcək məqamlar var, amma strategiyanın özülündə bu dayanır.”






















