NATO yeni modelə keçir – Rutte bəyan etdi

NATO-nun Baş katibi Mark Rutte alyansın genişmiqyaslı yenidənqurma mərhələsinə qədəm qoyduğunu bəyan edib. O, “NATO 3.0” adlandırdığı yeni modelə keçidin zəruri olduğunu bildirib. Bu model çərçivəsində Avropa ölkələri qitənin təhlükəsizliyinə görə daha böyük məsuliyyət daşımalıdır.

Referans Media xəbər verir ki, Brüsseldə NATO müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında çıxış edən Rutte, alyansın öz tarixinin bəlkə də ən böyük transformasiyasını yaşadığını açıqlayıb.

Baş katibin sözlərinə görə, Avropa üzvlərini qarşıda böyük işlər gözləsə də, bu proses artıq başlayıb. Onun verdiyi məlumata əsasən, NATO-nun Avropadakı üzvləri və Kanada 2025-ci ildə müdafiə xərclərini əvvəlki illə müqayisədə 139 milyard dollar artırıblar.

Rutte bildirib ki, bu dəyişikliklər qismən ABŞ-ın Avropadakı hərbi mövcudluğunu yenidən nəzərdən keçirmək planları ilə bağlıdır.

Son illərdə ABŞ ardıcıl olaraq NATO-nun Avropadakı üzvlərindən müdafiə xərclərini artırmağı tələb edir. Pentaqon rəhbəri Heqsetin fikrincə, alyans Avropanın müdafiəsində daha güclü və balanslı bir quruma çevrilməlidir.
O, həmçinin bəzi Avropa ölkələrini müdafiəyə kifayət qədər vəsait ayırmamaqda tənqid edib. Nazir bildirib ki, uzun illər ərzində NATO-da əsas yük ABŞ-ın üzərinə düşüb və bəzi müttəfiqlər hələ də bu vəziyyətin dəyişməyəcəyini düşünürlər.//Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki