Nəhəng stadion tikildi, amma o geri addım atmadı: Torpağını satmaqdan imtina etdi

Türkiyədə illərdir müzakirə olunan maraqlı torpaq mübahisəsi yenidən gündəmə gəlib. "Kocaelispor" komandasının Super Liqaya yüksəlməsindən sonra "Kocaeli Stadionu" ətrafındakı problemlər yenidən diqqət mərkəzinə düşüb.

Referans Media xəbər verir ki, stadionun dərhal yaxınlığında yerləşən 4304 kvadratmetrlik torpaq sahəsinin sahibi Aziz Bulut ərazisini satmaqdan imtina edib. Bildirilir ki, yerli bələdiyyə stadion ətrafında parkinq və abadlıq işləri aparmaq üçün bu ərazini almağa çalışsa da, tərəflər arasında razılıq əldə olunmayıb.

Torpaq sahibi bildirib ki, stadion tikilməzdən əvvəl həmin ərazidə yaşayıb və sonradan stadion onun torpağının yanında inşa olunub.

“Stadion tikiləndə mən gəlib burada tövlə qurmadım. Əksinə, onlar mənim torpağımın yanında stadion tikdilər”, – deyə o bildirib.

Aziz Bulut haqqında yayılan xəbərlərdən narazı qaldığını vurğulayaraq satış qərarından tamamilə imtina etdiyini açıqlayıb. O, ərazidəki “satılır” elanını da götürdüyünü bildirib.

“Artıq satmıram. Yerli və ölkə mediasında lazımsız xəbərlər yayımlandı. Buna görə qərarımı dəyişdim”, – deyə torpaq sahibi qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki