Nipah virusu gələcəkdə ciddi təhlükə yarada bilər

Nipah virusu zoonoz tipli virusdur və ilk dəfə yarasalarda, xüsusilə meyvələrlə qidalanan yarasalarda aşkar olunub. Virusun ilk yayılma hadisəsi 1990-cı illərdə Malayziyada qeydə alınıb. Həmin dövrdə təxminən 300-dən çox insan xəstələnib və onlardan 110 nəfəri həyatını itirib.

Referans Media-ya açıqlamasında tibbi ekspert Adil Qeybulla bildirib ki, hazırda virusun yenidən aşkar olunması onun gələcəkdə ciddi problem yarada biləcəyini göstərir. Onun sözlərinə görə, Dünya Səhiyyə Təşkilatı və xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin mövqeyinə əsasən, Nipah virusu təhlükəli viruslar qrupuna daxildir, C kateqoriyasına aid edilir və potensial epidemiyalar yaratma ehtimalı mövcuddur. Ekspert qeyd edib ki, virus ENT daşıyıcısıdır, mutasiyaya meyillidir və bu səbəbdən Ebola virusu ilə müqayisə olunur.

Adil Qeybulla vurğulayıb ki, virus adını yayıldığı ərazidə yerləşən Nipah çayından götürüb. Xəstəlik ilkin mərhələdə boğaz ağrıları ilə başlayır, daha sonra yüksək hərarət, intoksikasiya əlamətləri, ürəklənmə və qusma müşahidə olunur. Bununla yanaşı, beyin əlamətləri – güclü baş ağrıları, huşun mütəmadi itməsi, komaya düşmə halları baş verir. Ölüm hallarının əsas səbəbi isə beyin ödemidir.

Onun sözlərinə görə, xəstəliyin təhlükəliliyi onun yüksək ölüm faizi ilə bağlıdır və fatal nəticələr 45–70 faiz hallarda qeydə alınır. Bildirilib ki, Nipah virusunun Azərbaycana gəlməsi və yayılması mümkündür, çünki qloballaşan dünyada istənilən şəxs kontaktda olduğu ərazidən virusu başqa ölkəyə gətirə bilər. Bu ehtimal az olsa da, tam istisna edilmir.

Tibbi mütəxəssis qeyd edib ki, virusun dünyanın bütün ölkələrində ortaya çıxması mümkündür və bu baxımdan Dünya Səhiyyə Təşkilatının lokallaşma ilə bağlı tədbirlər görməsi vacibdir. Onun fikrincə, müasir dövrdə dünya təhlükəli viruslarla üz-üzədir və bəzi qərarları məcburi və icbari xarakter daşıyan güclü Dünya Səhiyyə Təşkilatına ehtiyac var. Əlavə olunub ki, belə situasiyalarda məsələlərin koordinasiyası, moderasiyası və düzgün qərarların verilməsi son dərəcə önəmlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki