Okeanın dibində böyük SİRR - 400 illik batmış gəmidə nəhəng qaçaqmalçılıq tapıldı

İspaniya sahillərində aşkar edilən 400 illik batmış ticarət gəmisində beynəlxalq miqyaslı nəhəng qaçaqmalçılıq şəbəkəsinin izləri tapılıb.

Referans MEDİA xəbər verir ki, "UNİAN" agentliyinin "Cadiz Directo" nəşrinə istinadən yaydığı məlumata görə, sualtı arxeoloqlar İspaniyanın Kadis limanı yaxınlığında batan və "Delta I" adı verilən XVII əsrə aid gəminin yükünü araşdırarkən şok faktlarla qarşılaşıblar.

Fransada inşa edildiyi və hollandiyalı tacirlər tərəfindən idarə olunduğu təxmin edilən gəminin anbarından yarım ton çəkidə, üzərində 1667-ci il damğası olan 18 ədəd təmiz gümüş külçə və İsveç istehsalı olan 27 ədəd dəmir top tapılıb.

Arxeoloqlar bildirirlər ki, gümüşlərin indiki Boliviya ərazisindən gətirildiyi bəlli olub və o dövrün qanunlarına görə, qiymətli metalların bu cür daşınması ciddi vergi nəzarətindən gizlədilən böyük bir qaçaqmalçılıq əməliyyatından xəbər verir.

Tədqiqatçılar gəmidə həmçinin üzərində "İsa, Məryəm və Yusif 1671" yazılmış bürünc kilsə zəngi də aşkar ediblər ki, bu da tapıntının tarixi dəyərini və sirrini daha da artırır./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki