Ölkə iflas elan etdi! Tonlarla qızıl ehtiyatlarını satmağa hazırlaşır

2019-cu ildən bəri dərin iqtisadi böhran yaşayan Livanda hökumət Mərkəzi Bankın kassasında saxlanılan qızıl ehtiyatlarının bir hissəsinin satışını müzakirəyə çıxarıb. Qısa müddətli likvidlik problemini həll etmək məqsədi daşıyan bu addım ölkədə ciddi müzakirələrə səbəb olub.

Referans Media xəbər verir ki, Livan Mərkəzi Bankının (BDL) balansında 280 tondan artıq qızıl ehtiyatı mövcuddur. 2026-cı il üzrə qlobal qızıl qiymətlərinin artımı fonunda bu ehtiyatların ümumi dəyərinin təxminən 45 milyard dollara çatdığı bildirilir. Bu göstərici ilə Livan regionda ən böyük qızıl ehtiyatına malik ölkələrdən biridir.

2019-dan bəri ağır böhran səbəbindən Livan funtu 90%-dən çox dəyər itirib. Banklardakı xarici valyuta əmanətlərinə çıxış məhdudlaşdırılıb. Dövlət faktiki olaraq defolt vəziyyətinə düşüb.

İqtisadi çöküş nəticəsində bank sisteminə inam kəskin zəifləyib. Dünya Bankı ölkənin maliyyə sistemini “Ponzi sxemi” kimi xarakterizə etmiş və əmanət itkilərinin təxminən 70 milyard dollar olduğunu açıqlamışdı.

Satış üçün parlament razılığı lazımdır. 1986-cı il tarixli qanuna əsasən, qızıl ehtiyatlarının satışı üçün parlamentin xüsusi icazəsi tələb olunur. Bundan əlavə, mümkün satış qərarının Beynəlxalq Valyuta Fondu ilə aparılan maliyyə yardımı danışıqları çərçivəsində qiymətləndirilməsi gözlənilir.

Bəzi bankirlər hesab edir ki, qızılın bir hissəsinin satılması qısa müddətdə nağd vəsait axını yarada bilər. Lakin iqtisadçıların bir qismi bu addımın uzunmüddətli maliyyə sabitliyinə mənfi təsir göstərə biləcəyini bildirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki