Rusiyada ilkin və metastatik qaraciyər xərçənginin müalicəsi üçün hazırlanmış Hepatoren-MRNC dərman preparatı klinik sınaqların I və II mərhələlərini uğurla başa vurub. Rusiya mediasının məlumatına görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin bildirib. Onun sözlərinə görə, dərmanın dünyada analoqu yoxdur və radioaktiv izotop renium-188 (188Re) ilə işarələnmiş albumin kürələrinə əsaslanır.
“Dünyada analoqu olmayan innovativ Hepatoren-MRNC dərmanının klinik sınaqlarının I və II mərhələlərini başa çatdırdıq. O, 188Re ilə işarələnmiş albumin kürələrinə əsaslanır və ilkin və metastatik qaraciyər xərçəngi olan xəstələrin müalicəsi üçün nəzərdə tutulub”, - Karpin bildirib.
Qeyd edək ki, belə bir inkişaf Rusiyanın nüvə təbabəti imkanlarının genişlənməsi fonunda baş verir. Onkoloqun vurğuladığı kimi, 2021-ci ildə Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzində radiofarmasevtik preparatların istehsalı üçün ölkənin ilk nüvə apteki açılıb. Müəssisə xərçəng və bir sıra digər xəstəliklərin müalicəsində istifadə olunan lutetium-177, renium-188 və aktinium-225 əsasında dərmanlar istehsal edir.
Daha əvvəl Rusiya Səhiyyə Nazirliyi tərkibində aktiv maddəsi nimotuzumab olan "Nimolancim" dərmanını qeydiyyata almışdı. Bu dərman böyüklərdə qida borusu, baş və boyun da daxil olmaqla müəyyən onkoloji xəstəliklərin və müəyyən növ bədxassəli beyin şişlərinin müalicəsi üçün nəzərdə tutulub.
Rusiya səhiyyəsi doğrudanmı onkologiyada bunca qabağa gedib? Azərbaycanda bu preparatlardan istifadə olunurmu?
Referans Media xəbər verir ki, mövzu ilə bağlı onkoloq tibb üzrə fəlsəfə doktoru Fərid Museyibov Musavat.com-a bildirib ki, onkoloji xəstəliklər həm dünyada, həm də Azərbaycanda sürətlə artmaqdadır və cavanlaşır. Onun sözlərinə görə, onkoloji xəstəliklərin yaranmasında qidalanma, tütün məmulatlarından və alkoqoldan istifadə, stress, irsi-genetik amillər, eləcə də bəzi viruslar mühüm rol oynayır.
Həkim qeyd edib ki, qidalanma faktorunun bu xəstəliklərin yaranmasında payı 50-60 faiz təşkil edir: “Qara ciyər xərçənginin yaranmasında hepatit B və hepatit C viruslarının xüsusi rol oynadığını deyən onkoloq alkoqoldan sui-istifadənin və tütün məmulatlarından geniş istifadənin də əsas risk faktorları sırasında olduğunu vurğulayıb. Mədə xərçənginin yaranmasında isə Helicobacter pylori bakteriyası mühüm rol oynayır”.
Rusiyada hazırlanmış yeni preparata gəlincə, Fərid Museyibov bildirib ki, müxtəlif ölkələrdə, o cümlədən Rusiyada, Amerika Birləşmiş Ştatlarında, Türkiyədə və Avropa dövlətlərində onkoloji xəstəliklərin müalicəsi üçün yeni dərman vasitələrinin hazırlanması istiqamətində klinik sınaqlar aparılır: “Bu tədqiqatlar təkcə qaraciyər xərçəngini deyil, digər orqanların xərçəng xəstəliklərini də əhatə edir”.
Həkimin sözlərinə görə, Rusiyada hazırlanan Hepatoren-MRNC preparatı klinik sınaqların ilkin mərhələlərini başa vurub: “Lakin dərmanın növbəti mərhələlərdən keçməsi və effektivliyinin təsdiqlənməsi vacibdir. Yalnız bundan sonra onun Azərbaycanda istifadəsi məsələsi də gündəmə gələ bilər. Əgər preparat növbəti klinik sınaq mərhələlərindən uğurla keçər və effektivliyi təsdiqlənərsə, onun ölkəmizdə də qaraciyər xərçənginin müalicəsində istifadə olunması mümkündür. Ancaq bu, uzun zaman tələb edən prosesdir”.
Fərid Museyibov qeyd edib ki, onkoloji xəstəliklərin müalicəsində kimyaterapiya və şüa terapiyası ilə yanaşı, son illərdə immunoterapiya və hədəfəyönlü müalicə üsullarından da geniş istifadə olunur: “Bu istiqamətlərdə müxtəlif ölkələrdə tədqiqatlar aparılır və yeni müalicə imkanları araşdırılır”. Onkoloq xəstələrin həkimə gec müraciət etməsini də ciddi problem kimi qiymətləndirib. Onun sözlərinə görə, müraciət edən pasiyentlərin əksəriyyətində xəstəlik artıq üçüncü və ya dördüncü mərhələyə çatmış olur. Onun fikrincə, bu isə müalicəni çətinləşdirir və xəstəliyə qarşı mübarizənin effektivliyini azaldır.
Həkim, həmçinin hepatit viruslarına qarşı peyvəndlənmənin əhəmiyyətini vurğulayıb. O bildirib ki, hepatit B-yə qarşı peyvənd qaraciyər xərçəngi riskinin azaldılmasında mühüm rol oynayır. Onkoloqun sözlərinə görə, profilaktik tədbirlərə diqqət yetirilməsi qaraciyər xərçənginin qarşısının alınmasında xüsusi əhəmiyyət daşıyır.
