Özgür Özəlin yol xəritəsi bəlli olur: Gözlər məhkəmə qərarına çevrildi

Türkiyənin əsas müxalifət partiyası olan CHP daxilində yaşanan gərginlik davam edir. Partiya rəhbərliyinə yaxın mənbələrin məlumatına görə, Özgür Özelin tərəfdarları növbədənkənar qurultayın keçirilməsi üçün topladıqları imzaları yaxın günlərdə partiya rəhbərliyinə təqdim etməyə hazırlaşırlar.

Referans Media xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumatlara əsasən, qurultayın çağırılması üçün təxminən minə yaxın nümayəndənin imzası toplanıb. İmzaların qəbul edilməyəcəyi təqdirdə məsələnin məhkəmə müstəvisinə daşına biləcəyi bildirilir.

Məlumatlara görə, CHP rəhbərliyinin bu təşəbbüsə münasibəti və məhkəmənin mümkün qərarı partiyadakı gələcək proseslər baxımından həlledici əhəmiyyət daşıyacaq.

Bildirilir ki, Partiya Məclisinin iclasında növbədənkənar qurultay çağırışı əsas müzakirə mövzularından biri olacaq. Özgür Özələ dəstək verən qrupun 111 millət vəkilinin bu təşəbbüsü dəstəklədiyini önə sürəcəyi qeyd edilir.

Eyni zamanda, partiya daxilində bəzi üzvlərlə bağlı intizam tədbirlərinin müzakirəyə çıxarıla biləcəyi də iddia olunur.

Partiyanın keçmiş sədri Kemal Kılıçdaroğluya yaxın çevrələr isə qurultay üçün toplanan imzaların hüquqi qüvvəsi ilə bağlı suallar qaldırırlar. Onların fikrincə, qurultay prosesi əvvəlki nümayəndə siyahıları əsasında aparılmalıdır.

Bu mövzu ətrafında yaranan fikir ayrılıqlarının partiyadaxili qarşıdurmanı daha da dərinləşdirdiyi bildirilir.

Siyasi kulislərdə ən çox müzakirə olunan məsələlərdən biri də yeni siyasi təşkilatın yaradılması ehtimalıdır.

İddialara görə, məhkəmə prosesləri və partiyadaxili mübarizə nəticəsində CHP-də fəaliyyət imkanları məhdudlaşarsa, Özgür Özələ dəstək verən millət vəkilləri, bələdiyyə sədrləri və partiya funksionerlərinin yeni siyasi hərəkat yaratmaq variantını nəzərdən keçirə biləcəyi ehtimal olunur.

Lakin bu barədə hələlik rəsmi qərar və ya açıqlama verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki