ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat ofisini məxfi zona elan edərək jurnalistlərin həmin əraziyə girişini qadağan etdiyi iddia olunur.
Referans Media xəbər verir ki, "The Washington Post" qəzetinə adlarının açıqlanmaması şərti ilə danışan dörd mənbənin sözlərinə görə, Pentaqon jurnalistlərin mətbuat ofisinə girişinin qadağan olunması ilə bağlı yeni qərar qəbul edib.
Qəzetin məlumatına əsasən, yeni qayda ötən həftədən qüvvəyə minib və əvvəlki administrasiyalar dövründə mövcud olan praktikadan fərqli olaraq media nümayəndələri üçün əlavə məhdudiyyət yaradıb.
Qeyd olunur ki, əvvəlki illərdə mətbuat ofisi açıq məkan hesab olunurdu və jurnalistlər hərbi ictimaiyyətlə əlaqələr əməkdaşlarının masalarına müşayiətçi olmadan yaxınlaşa bilirdilər.
Vurğulanır ki, Pentaqon müxbirlərinin binaya giriş imkanları hazırda da qurumun media qaydaları ilə bağlı davam edən məhkəmə çəkişmələri səbəbindən böyük ölçüdə məhdudlaşdırılıb.
Yeni dəyişiklik nəticəsində jurnalistlər məhkəmə prosesinin sonunda Pentaqona giriş hüququnu bərpa etsələr belə, əvvəllər sərbəst daxil olduqları mətbuat ofisinə çıxışları məhdudlaşdırılmış olacaq.
Məsələ ilə bağlı açıqlama verən Pentaqonun mətbuat katibinin vəzifələrini icra edən Coel Valdes jurnalistlərin artıq mətbuat ofisinə daxil ola bilməyəcəyini təsdiqləyib:
“Müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi və mətbuat katibinin ofisinə giriş yalnız əvvəlcədən təyin olunmuş görüş əsasında mümkün olacaq”.
Müdafiə naziri Pit Heqsetin dövründə media nümayəndələrinə tətbiq edilən məhdudiyyətlərdən sonra mart ayında "The New York Times" qəzetinin qaldırdığı iddia əsasında federal hakim həmin məhdudiyyətləri ləğv etmişdi. Lakin Tramp administrasiyası bu qərardan apellyasiya şikayəti vermişdi.
Nəşr may ayında ikinci dəfə məhkəməyə müraciət edərək jurnalistlərin Pentaqon daxilində hərəkət etmək üçün müşayiətçi ilə gəzmək məcburiyyətinə açıq şəkildə etiraz etmişdi.
