Pentaqon kameraları qadağan etdi – dəfn mərasimləri gizli olacaq

ABŞ administrasiyası İran ilə davam edən müharibə fonunda həlak olan hərbçilərin dəfn mərasimlərinin tam məxfi şəkildə keçirilməsi barədə qərar qəbul edib. Yeni qaydalara əsasən, mərasimlərə media nümayəndələrinin və kameraların daxil olmasına icazə verilməyəcək.

Referans Media xəbər verir ki, qərarın Pentaqon və Ağ Ev tərəfindən təsdiqlənən yeni protokol çərçivəsində tətbiq edildiyi bildirilir. Rəsmilər bu addımın həm orduda mənəvi ruh yüksəkliyini qorumaq, həm də müharibənin ictimaiyyət üzərində yaratdığı psixoloji təsiri azaltmaq məqsədi daşıdığını qeyd edirlər.

Tramp həlak olan pilotların mərasiminə qatıldı

Donald Tramp ötən həftə Qərbi İraq səmasında qəzaya uğrayan KC-135 Stratotanker tipli yanacaq doldurma təyyarəsində həlak olan 6 ABŞ Hərbi Hava Qüvvələri pilotunun dəfn mərasiminə qatılmaq üçün paytaxtdan yola düşüb.

ABŞ prezidenti və müdafiə naziri Pit Heqset mərasimdə iştirak etmək üçün Ağ Evin həyətindən Marine One helikopteri ilə havaya qalxaraq Dover Hərbi Hava Qüvvələri Bazası istiqamətində hərəkət ediblər. Tədbir yüksək təhlükəsizlik tədbirləri altında və əvvəlcədən ictimaiyyətə açıqlanmayan proqram çərçivəsində keçirilib.

Təyyarə qəzasında 6 pilot həlak olmuşdu

ABŞ hərbçilərinin həyatını itirdiyi hadisə ötən həftə baş verib. Qərbi İraq üzərində patrul və yanacaq doldurma missiyası həyata keçirən KC-135 Stratotanker təyyarəsinin qəzaya uğraması nəticəsində 6 pilot həyatını itirib.

Hadisənin texniki nasazlıq, yoxsa hücum nəticəsində baş verməsi hələ dəqiq açıqlanmayıb. Pentaqonun tətbiq etdiyi məxfilik qərarı səbəbindən qəzanın səbəbləri barədə rəsmi məlumatlar məhdud qalır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki