image-avtomobil-1backend

“Perekitka” avtomobillərə TƏLƏBAT artdı – Hansı riskləri var?

Sükanı sağdan sola keçirilmiş, xalq arasında “perekitka” deyilən avtomobillər Azərbaycanda çox geniş yayılıb. Müəyyən risklər və texniki problemləri olsa da bu, alıcıları fikrindən daşındırmır.

Avtomobil satışı ilə məşğul olanlar bildirirlər ki, son bir ildə “perekitka” maşınlar ən çox satılanlar siyahısındadır.

Məlumat üçün bildirək ki, sükanın sağdan sola keçirilməsi avtomobilin sükan sisteminin və bəzi əsas idarəetmə elementlərinin (pedallar, idarəetmə bloku, kabellər və s.) dəyişdirilməsi deməkdir. Bu əməliyyat əsasən Yaponiyadan gətirilmiş sağ sükanlı avtomobillərdə aparılır.

“Perekitka” maşınlarda hansı problemlər yarana bilər?

Avtomobil ustası Taleh Quliyev deyir ki, sükanın sağdan sola dəyişdirilməsi peşəkar şəkildə edilməzsə, aşağıdakı problemlər yarana bilər:

Yürüş zamanı sürətlər qutusunda gecikmələr ola bilər;

Əyləc və qaz sistemində nasazlıqlar – qeyri-peşəkar montaj ciddi təhlükə yarada bilər;

Elektrik sistemində problemlər yarana, sensorlar və idarəetmə modulları düzgün işləməyə bilər;

Bundan başqa, orijinal dizayn pozulduğuna görə hava yastıqları və təhlükəsizlik sistemləri düzgün işləməyə bilər.

Azərbaycan daxil olmaqla bəzi ölkələrdə sükanı dəyişdirilmiş avtomobilləri texniki baxışdan keçirərkən modifikasiyanın düzgün aparılıb-aparılmadığı ciddi şəkildə yoxlanılır. Əks halda bəzi hallarda belə maşınlar qeydiyyata almaqdan imtina olunur.

Lakin bütün bunlara baxmayaraq indiyədək ucuz olduğuna görə alınan “perekitka” maşınların qiymətində son zamanlar artım olub. Avtomobil satışı ilə məşğul olanlar bildirirlər ki, sükanı dəyişdirilmiş maşınların qiymətləri modellərindən və ilindən asılı olaraq dəyişir. Ən çox müraciət olunan modellər Nissan Tida, Nissan Note, Nissan Micra, Toyota Aqua-dır. Əgər bir neçə il qabaq bu modellər 10-13 min AZN aralığında alıcıya təklif olunurdusa, hazırda 14-19 min aralığında satılır.

Qiymət artımına səbəb həm modellərin ilinin təzə olması, həm müxtəlif rəng seçimidir ki, daha çox qadın sürücülər üstünlük verir, həm də əvvəlki illərlə müqayisədə sükan yerinin dəyişdirilməsinin peşəkar şəkildə aparılmasıdır. Əgər əvvəllər sükan Gürcüstanda dəyişdirilirdisə, hazırda gətirilən maşınların sükanının sol hissəyə keçirilməsi üçün hazır yerini zavod özü qoyur, bircə səriştəli ustanın kiçik toxunuşlar etməsi qalır.

Bundan başqa,  avtomobil salonları da qiymətlərə təsir edir. Belə ki, müəyyən avtosalonlar var ki, “perekitka” maşınlara uzunmüddətli zəmanət verir. Nəticədə alıcılar belə maşınları arxayınlıqla alıb sürürlər. Bundan əvvvəl əgər “perekitka”ları ustalar təmir etməkdən qaçırdısa, hazırda təmir problemi ilə də az üzləşirlər. Üstəlik belə maşınlar alanlar, satanda da çox uduzmur, aldığı qiymətdən nisbətən aşağı dəyərə sata bilirlər.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki