Politoloq: Antalya Forumu qlobal gərginlik fonunda daha böyük əhəmiyyət qazanır

Dünyada artan münaqişələr və regional gərginliklər fonunda beynəlxalq platformaların rolu daha da ön plana çıxır. Bu baxımdan Antalya Diplomatiya Forumunun əhəmiyyəti xüsusi vurğulanır.

Referans Media-ya açıqlama verən politoloq Turab Rzayev bildirib ki, builki Antalya Forumu əvvəlkilərlə müqayisədə daha yüksək statusa malikdir. Onun sözlərinə görə, hazırda regionda və dünyada bir neçə böyük müharibə davam edir: “İstər Ukrayna müharibəsi, istər İran ətrafında baş verən gərginliklər qlobal xarakter daşıyır. Belə bir şəraitdə Cənubi Qafqazda sabitlik adası yaratmaq istiqamətində addımlar atılır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması bu baxımdan mühüm əhəmiyyət daşıyır”.

Politoloq qeyd edib ki, Azərbaycanın regiondakı rolu getdikcə artır və bu, xüsusilə son hadisələr fonunda daha aydın görünür: “İran ətrafındakı gərginlik dövründə Şərq-Qərb istiqamətində uçuşların əsas hissəsi Azərbaycan və Gürcüstan üzərindən həyata keçirilirdi. Şimal və cənub istiqamətlərində hava məkanının məhdudlaşdığı bir vaxtda bu, Azərbaycanın əhəmiyyətini açıq şəkildə göstərdi”.

Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri də strateji əhəmiyyət daşıyır: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Ərzurum qaz xətti, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP kimi layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və enerji daşıyıcılarının təhlükəsiz şəkildə çatdırılmasını təmin edir”.

Turab Rzayev əlavə edib ki, Azərbaycan artıq regionda etibarlı nəqliyyat və logistika mərkəzinə çevrilir və bu da ölkənin geosiyasi əhəmiyyətini artırır.

Politoloq vurğulayıb ki, Azərbaycan-Türkiyə strateji əməkdaşlığı bu prosesdə xüsusi rol oynayır və regionda sülh və sabitliyin güclənməsinə xidmət edir. Onun fikrincə, gələcəkdə bu əməkdaşlıq daha da genişlənə və digər ölkələri də əhatə edə bilər.

Sonda ekspert qeyd edib ki, regionda davamlı sülhün təmin olunması üçün geniş təhlükəsizlik arxitekturasının formalaşdırılması vacibdir.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki