Türkiyə Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış və ani ürək dayanması hallarında sürətli müdaxilənin artırılmasını hədəfləyən “Portativ Avtomatik Şok Cihazları” ilə bağlı qaydalar Rəsmi Qəzetdə dərc olunub.
Referans Media xəbər verir ki, qaydalara əsasən, bu cihazların toplu istifadə olunan məkanlarda məcburi şəkildə yerləşdirilməsi və qeydiyyata alınması nəzərdə tutulur.
Yeni tənzimləmə səhiyyə müəssisələrindən kənarda baş verən ani ürək dayanması hallarında peşəkar briqadalar gələnədək edilən ilk müdaxilələrin daha effektiv olmasını hədəfləyir. OED cihazlarının insanların gündəlik istifadə etdiyi məkanlarda daha görünən və asan əlçatan nöqtələrdə yerləşdirilməsi məcburi olacaq.
Qayda dövlət qurumlarını, özəl təşkilatları, ictimai nəqliyyat vasitələrini və sıx istifadə olunan bütün ictimai məkanları əhatə edir. Beləliklə, OED cihazları yalnız xəstəxanalarda deyil, gündəlik həyatın bir hissəsi kimi geniş ərazilərdə hazır saxlanılacaq.
Məhdud girişli yerlərdə saxlanılmasına icazə verilməyəcək
Cihazların ürək ritmini analiz etməsi, zəruri hallarda avtomatik şok verməsi, türk və ingilis dillərində səsli göstərişlər təqdim etməsi, batareya vəziyyəti, test nəticələri, yerləşmə yeri və EKG məlumatlarını Səhiyyə Nazirliyinin yaradacağı OED-Net sisteminə ötürməsi və Məhsul İzləmə Sisteminə qeydiyyatda olması məcburi olacaq.
Milli təhlükəsizlik çərçivəsində fəaliyyət göstərən bəzi qurumlar üçün cihazların yerləşmə yerini sistemə bildirmə öhdəliyi istisna sayılıb.
OED cihazları mümkün olan ən qısa müddətdə əldə oluna bilən nöqtələrdə, hər kəsin görə biləcəyi hündürlükdə, standart rəngdə, suya və zərbəyə davamlı qoruyucu dolablarda və xəbərdarlıq nişanları ilə göstərilən sahələrdə yerləşdirilməlidir. Cihazların kilidli və ya girişin məhdudlaşdırıldığı yerlərdə saxlanılmasına icazə verilmir.
“OED-Net” proqram təminatı sistemi tətbiq ediləcək
OED cihazlarından səhiyyə işçiləri, ilk tibbi yardım şəhadətnaməsi olan şəxslər və Təcili Tibbi Yardım (SKKM) dəstəyi ilə ilk yardım göstərən vətəndaş xilasedicilər istifadə edə biləcəklər.
Cihazların texniki baxımı, sərf materiallarının təmin edilməsi və istifadə sonrası məlumatların şəhər səhiyyə idarələrinə təhvil verilməsi cihazın sahibi olan qurum və şəxslərin məsuliyyətində olacaq.
OED-Net adlı sistem işə salınacaq və cihazların seriya nömrələri, yerləşmə məkanları və istifadə məlumatları bu sistem üzərindən izləniləcək. Cihaz alan fiziki və hüquqi şəxslər onu 30 gün ərzində bu sistemə qeyd etdirməyə məcbur olacaq.
Qaydalar 1 yanvar 2026-cı il tarixində qüvvəyə minəcək.
