Müşavirədən sonra Azərbaycanda kənd təsərrüfatı sahəsində yeni mərhələnin başlanacağı gözlənilir. Əsas diqqətin özünütəminetmə səviyyəsinin artırılmasına yönələcəyi bildirilir. Xüsusilə ət, süd və quşçuluq sektorlarında dövlət dəstək mexanizmlərinin genişlənməsi və yeni proqramların icrası gündəmdədir.
Bu barədə iqtisadçı ekspert Akif Nəsirli Referans Media-ya açıqlamasında bildirib ki, aqrar sektorun inkişafı üçün kompleks yanaşma vacibdir:
“Hazırda əsas istiqamət subsidiya mexanizmlərinin genişləndirilməsi, güzəştli kreditlərin artırılması və iri təsərrüfatların yaradılması olmalıdır. Xüsusilə quşçuluq kompleksləri, kəsimxanalar və damazlıq təsərrüfatları kimi sənaye tipli layihələr ön plana çıxmalıdır. Ənənəvi və pərakəndə təsərrüfat modeli ilə yüksək məhsuldarlığa çatmaq çətindir,” – deyə ekspert vurğulayıb.
Məlumatlara görə, yaxın dövrdə suvarma sistemləri, su anbarları və meliorasiya layihələri də prioritet istiqamətlər arasında olacaq. Çünki su resurslarının səmərəli idarə olunması olmadan kənd təsərrüfatında ciddi artım əldə etmək mümkün deyil. Eyni zamanda yem bazasının gücləndirilməsi üçün yeni əkin sahələrinin genişləndirilməsi də əsas hədəflərdəndir.
Ekspertin fikrincə, əsas məsələ yalnız maliyyə vəsaitinin ayrılması deyil, həmin vəsaitlərin necə idarə olunmasıdır. Əgər subsidiya və dəstək mexanizmləri şəffaf işləyərsə, fermerlərin maliyyəyə çıxışı asanlaşarsa və logistika problemləri həll olunarsa, real nəticələr əldə edilə bilər. Əks halda, bəzi proqramların əvvəlki illərdə olduğu kimi kağız üzərində qalması riski qalır.
Ümumilikdə isə yaxın illərdə kənd təsərrüfatı istehsalında müəyyən artımın olacağı gözlənilir. Lakin ekspertlər hesab edir ki, tam özünütəminetmə səviyyəsinə qısa müddətdə çatmaq mümkün deyil və bunun üçün uzunmüddətli, sistemli aqrar islahatlar tələb olunur.
