Azərbaycan Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumu ilə bağlı keçirdiyi Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Dövlət başçısı vurğulayıb ki, ordumuz istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar.
Bəs Prezident İlham Əliyevin elan etdiyi bir nömrəli səfərbərlik vəziyyəti nədir?
Referans Media xəbər verir ki, dövlətlərin təhlükəsizlik sistemində ən mühüm mexanizmlərdən biri səfərbərlik institutudur. Səfərbərlik ölkənin müdafiə qabiliyyətinin artırılması üçün dövlət, iqtisadiyyat və cəmiyyətin müharibə və ya hərbi təhlükə şəraitinə uyğun rejimə keçirilməsini nəzərdə tutur.
Azərbaycanda səfərbərliklə bağlı məsələlər “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarla tənzimlənir. Bu qanunlara əsasən, səfərbərlik ölkənin silahlı qüvvələrinin və digər dövlət strukturlarının hərbi dövrə hazırlığını təmin edən tədbirlər kompleksidir.
Səfərbərlik dedikdə dövlətin hərbi təhlükə və ya müharibə vəziyyətində silahlı qüvvələrin şəxsi heyətini, ehtiyat qüvvələri və texnikanı qısa müddətdə döyüş hazırlığına gətirməsi başa düşülür. Bu proses yalnız hərbi qulluqçuların çağırılması ilə məhdudlaşmır. Səfərbərlik zamanı dövlət idarəetmə strukturları, nəqliyyat sistemi, sənaye müəssisələri və digər sahələr də xüsusi rejimdə fəaliyyətə keçə bilər.
Belə vəziyyət tətbiq edildikdə, silahlı qüvvələr tam döyüş hazırlığına gətirilir, ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilə, hərbi hissələr döyüş mövqelərinə və ya təyin olunmuş ərazilərə çıxarıla bilərlər.//Oxu24.com
