Prezident İlham Əliyevin 20 sentyabr 2025-ci imzaladığı Fərmana əsasən, Bakının inzibati ərazisində ödənişli hərəkət zonalarının yaradılması nəzərdə tutulur. Sənədə əsasən, Nazirlər Kabineti 3 ay müddətində bu zonaların müəyyənləşdirilməsi və daxilolma haqqının məbləği ilə bağlı təkliflərini Prezidentə təqdim etməli idi.
Müddət bitib, amma hazırda Bakıda ödənişli hərəkət zonalarının tətbiqi ilə bağlı hər hansı əlavə və ya dəqiqləşdirilmiş məlumat mövcud deyil.
Nəqliyyat eksperti Aslan Əsədov mövzu ilə bağlı “Yeni Sabah”a bildirib:
“Paytaxtın əsas problemlərindən biri mərkəzi hissələrə, xüsusilə ən sıx ərazilərə giriş-çıxışın lazımi səviyyədə təmin olunmamasıdır. Bu vəziyyət avtomobillərin şəhərə daxil olma prosesini çətinləşdirir və ciddi tıxaclara səbəb olur.
Hazırda Bakıya daxil olmaq istəyən nəqliyyat vasitələri üçün real alternativlər mövcud deyil. Problemin həlli üçün ilk növbədə şəhərin mərkəzi hissələrini birləşdirən əsas magistral yolların təkmilləşdirilməsi və ümumi hərəkət qrafikinin düzgün şəkildə müəyyənləşdirilməsi vacibdir. Bu tədbirlər həyata keçirildiyi təqdirdə, məsələlər avtomatik olaraq öz həllini tapar və bununla bağlı digər problemlər də aradan qalxar.
Bu yanaşmanın əsas üstünlüyü ondan ibarətdir ki, nəqliyyat vasitələrinin hərəkəti daha səmərəli və rentabelli olsun. Əks halda, qəbul edilən qərarlar yalnız formal xarakter daşıyacaq”.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Yeni Sabah”a bildirilib ki, hazırda Bakıda ödənişli hərəkət zonalarının tətbiqi ilə bağlı hər hansı əlavə və ya dəqiqləşdirilmiş məlumat mövcud deyil.
Qurumdan qeyd olunub ki, məsələ ilə bağlı qərar qəbul edildiyi və ya yeni detallar açıqlanacağı təqdirdə, ictimaiyyətə rəsmi kanallar vasitəsilə məlumat veriləcək.























