Husilərin embarqosundan sonra Bab əl-Məndəb boğazında gəmi hərəkəti 56% azalıb

Yəməndə fəaliyyət göstərən husilərin Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə qarşı elan etdiyi dəniz embarqosundan sonra Bab əl-Məndəb boğazında kommersiya gəmiçiliyi kəskin azalıb.

Referans Media xəbər verir ki, bu barədə "The National" qəzeti məlumat yayıb.

Məlumata görə, 26 iyul tarixində boğazdan cəmi 15 yük gəmisi keçib. Halbuki embarqonun elan olunduğu 20 iyulda bu göstərici 34 gəmi idi. Beləliklə, bir həftə ərzində gəmi hərəkəti 56 faiz azalıb.

Keçid edən gəmilərdən 9-u Qırmızı dənizdən çıxan, 6-sı isə boğaza daxil olan gəmilər olub. Onlar əsasən neft, taxıl və gübrə daşıyaraq Çin, Hindistan, Pakistan və Niderlanda istiqamətləniblər.

Qəzet qeyd edir ki, daşımaların azalması husilərin 25 iyulda Səudiyyə Ərəbistanının Saudi Aramco şirkətinə məxsus Cizan və Yənbu limanlarındakı obyektlərə hücum etdiklərini bəyan etməsindən sonra baş verib. Bu açıqlamalar Yəməndə genişmiqyaslı hərbi əməliyyatların yenidən alovlanacağı ilə bağlı narahatlıqları artırıb.

Eyni zamanda, nəşr bildirir ki, ABŞ və İran arasında iki həftə davam edən qarşılıqlı zərbələrdən sonra yaranan nisbi sakitlik fonunda Hörmüz boğazında gəmi hərəkəti demək olar ki, iki dəfə artıb.

Analitiklərin məlumatına görə, 26 iyulda Hörmüz boğazından 11 gəmi, 25 iyulda 6, 24 iyulda isə 12 gəmi keçib. Bildirilir ki, bir çox gəmi izləmə sistemlərini söndürərək və marşrutlarını dəyişdirərək hərəkət edib.

Xatırladaq ki, 20 iyulda husilərin hərbi sözçüsü Yəhya Səri Səudiyyə Ərəbistanına gedən və ya oradan gələn gəmilərə dəniz embarqosu tətbiq olunduğunu elan etmişdi. Növbəti gün isə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Bab əl-Məndəb boğazında ticarət gəmilərinin mühafizəsini gücləndirmək üçün tədbirlər gördüyünü açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki