Türkiyədə 15 yaşdan aşağı uşaqların sosial media istifadəsini məhdudlaşdıran qanun layihəsi parlamentdə qəbul edilərək qüvvəyə minib. Yeni qaydalara əsasən, sosial şəbəkə platformaları 15 yaşını tamamlamamış istifadəçilərə xidmət göstərə bilməyəcək.
Referans Media xəbər verir ki, qanuna görə, platformalar yaş təsdiqləmə mexanizmləri də daxil olmaqla, bu məhdudiyyətin tətbiqi üçün bütün zəruri tədbirləri görməyə borcludur. Eyni zamanda, 15 yaşdan yuxarı, lakin yetkinlik yaşına çatmamış istifadəçilər üçün xüsusi və ayrılmış xidmətlər təqdim olunacaq.
Valideyn nəzarəti gücləndirilir
Yeni qanun sosial şəbəkə şirkətlərini valideyn nəzarəti alətləri təqdim etməyə də məcbur edir. Bu alətlər vasitəsilə valideynlər hesab parametrlərini idarə edə biləcək, ödənişli xidmətləri nəzarətdə saxlayacaq, istifadə müddətini məhdudlaşdıra biləcəklər. Bundan əlavə, platformalar istifadəçiləri aldadıcı reklamlardan qorumaq üçün də əlavə tədbirlər görməlidir.
Qaydalara əməl etməyən platformalara sərt cəza
Gündəlik istifadəçi sayı yüksək olan sosial media platformaları dövlət qurumlarının qərarlarını gecikdirmədən icra etməlidir. Əks halda reklam qadağası tətbiq oluna bilər, maliyyə əməliyyatları məhdudlaşdırıla bilər, platformanın internet sürəti mərhələli şəkildə azaldıla bilər.
Oyun platformalarına da yeni tələblər
Qanun yalnız sosial şəbəkələri deyil, oyun platformalarını da əhatə edir. Bu platformalar yaşa uyğun kontent təsnifatı aparmalı, valideyn nəzarəti alətləri təqdim etməli, Türkiyədə rəsmi nümayəndə təyin etməlidir. Tələblərə əməl etməyən platformalar milyonlarla lirə cərimə ilə üzləşə bilər.
Qanun nə vaxt qüvvəyə minəcək?
Qanunun bəzi müddəaları dərhal tətbiq olunsa da, əsas dəyişikliklərin 6 ay sonra tam qüvvəyə minməsi nəzərdə tutulur.























