Qızını narahat edən gəncin qulağını kəsdi

Türkiyənin Aksaray şəhərində baş verən hadisə böyük rezonans doğurub.

Referans Media Türkiyə KİV-ə istinadla xəbər verir ki, iddiaya görə, qızını uzun müddətdir narahat edən 18 yaşlı gəncin qulağı qızın atası tərəfindən kəsilib.

Məlumata görə, təxminən bir il əvvəl Ahmet Furkan Ö. adlı gənc “Gəlməsən, özümü öldürərəm” deyərək sevdiyi qızı qaçırıb. Müxtəlif şəhərlərə gedən cütlük daha sonra jandarma tərəfindən tapılaraq ailələrinə təhvil verilib.

Hadisədən sonra da gəncin qızı telefon zəngləri və müxtəlif yollarla narahat etməyə davam etdiyi bildirilir.

Bunu öyrənən qızın atası Ömər Ç. və əmiləri Tuğrul Ç. ilə Emre Ç. həmin gənci axtarmağa başlayıblar. Onlar Ahmet Furkan Ö.-nü Aksarayın Kurtuluş küçəsində tapıblar.

İddialara görə, Ömər Ç. gənci yerə yıxdıqdan sonra bıçaqla onun qulağını kəsib. Hadisəyə müdaxilə zamanı bir polis əməkdaşı da əlindən xəsarət alıb.

Polis əməkdaşları qopan qulağı hadisə yerində taparaq yaralı gənclə birlikdə xəstəxanaya göndəriblər. Ahmet Furkan Ö. əvvəlcə Aksaray Təhsil və Araşdırma Xəstəxanasına, daha sonra isə qulağının bərpası üçün Konyadakı tibb müəssisəsinə köçürülüb.

Hadisə ilə bağlı saxlanılan Ömər Ç. və qardaşları Emre Ç. ilə Tuğrul Ç. məhkəməyə çıxarıldıqdan sonra barələrində məhkəmə nəzarəti qətimkan tədbiri seçilərək sərbəst buraxılıblar.

Qızın əmisi isə hadisədən sonra verdiyi açıqlamada:

“Ona edilən azdır. Heç kimin övladı başqasının əyləncə vasitəsi deyil”, – deyə bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki