Raket istehsalında rekord: İran ikinci müharibəyə hazırlaşır

İran hökuməti İsraillə yeni müharibə ehtimalına qarşı raket istehsalını rekord səviyyəyə çatdırıb. Tehranda “12 Günlük Müharibə”dən çıxarılan dərslər əsasında istehsal gücü artırılıb. İranın məqsədi mümkün toqquşma zamanı say üstünlüyü yaradaraq İsrailin hava hücumundan müdafiə sistemlərini yarmaqdır.

Referans Media xəbər verir ki, İran rəsmilərinin açıqlamalarına və regional mənbələrə görə, “12 Günlük Müharibə”də verdiyi itkilərdən sonra ölkə müdafiə və raket sənayesini yenidən quraraq İsraillə ikinci qarşıdurmaya hazırlaşır. Çindən daxil olan hərbi və xammal dəstəyi hesabına istehsal gücünü iki dəfə artıran Tehran minlərlə yeni ballistik raket ehtiyatı toplayıb. Bölgədə gərginlik həm hərbi, həm də nüvə müstəvisində yenidən yüksəlməkdədir. Məlumata görə, İran anbarlarında minlərlə yeni nəsil “Fəttah-1” və “Xeybər Şəkan” ballistik raketi mövcuddur, istehsal isə “24 saatlıq iş rejimi” ilə davam etdirilir.

İstehsal iki dəfə artırılıb

İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, “bu gün raket gücümüz 12 Günlük Müharibə dövrü ilə müqayisədə dəfələrlə artıb”. Müdafiə naziri Əziz Nasirzadə isə istehsalın həm keyfiyyət, həm də kəmiyyət baxımından genişləndirildiyini açıqlayıb. Tehrana yaxın media orqanlarına danışan hərbi mənbələr raket zavodlarının fasiləsiz işlədiyini qeyd edir.

Bildirilir ki, İran növbəti müharibə ssenarisində 12 gün ərzində 500 raket əvəzinə, bir dəfəyə 2 min raket buraxmağı planlaşdırır. Beynəlxalq Böhran Qrupunun analitiki Əli Vaeze görə, bu strategiyanın məqsədi İsrailin hava hücumundan müdafiə sistemlərini həddindən artıq yükləyərək sıradan çıxarmaqdır.

Raketlər yenilənir

İran müharibə zamanı istifadə etdiyi “Fəttah-1”, “Hacı Qasım” və “Xeybər Şəkan” ballistik raketlərini daha yüksək sürətə və manevr qabiliyyətinə malik yeni modellərlə təkmilləşdirir. Bu raketlərin xüsusilə İsrailin “Dəmir Qübbə” (Iron Dome) və “Arrow” hava müdafiə sistemlərinə qarşı dizayn edildiyi vurğulanır. Ekspertlər Tehran rəhbərliyinin “daha çox raket ataraq müdafiə sistemlərini sıradan çıxarma” taktikasını artıq praktikada sınaqdan keçirdiyini bildirirlər.

Çindən güclü dəstək

Qlobal kəşfiyyat mənbələrinin məlumatına görə, Çin İrana raket yanacağı istehsalında istifadə olunan 2 min ton natrium perxlorat göndərib. Avropa kəşfiyyat mənbələri bu yüklərin İranın Bəndər-Abbas limanına çatdığını təsdiqləyib. Həmçinin Pekinin İrana HQ-9 hava hücumundan müdafiə sistemləri tədarük etməyə hazırlaşdığı bildirilir. Bu razılaşma İsrailin son müharibədə məhv etdiyi İran hava müdafiəsinin bərpasına imkan yarada bilər. Mütəxəssislərin fikrincə, Təl-Əvivlə Tehran arasında nüvə gərginliyi “ikinci müharibə” ssenarisini əvvəlkindən daha real edir.

Gizli obyekt iddiası

ABŞ-ın iyun ayında İrana qarşı həyata keçirdiyi “Gecəyarısı Çəkici Əməliyyatı” çərçivəsində Fordo və Natanz nüvə obyektlərinə endirilən zərbələrdən sonra nüvə böhranı daha da dərinləşib. Vaşinqton İranın “Kazma dağı” adlanan yeni, yüksək qorunan uran zənginləşdirmə obyektini gizlətdiyini iddia edir. Təl-Əviv isə İranın nüvə proqramını “varoluşsal təhdid” kimi qiymətləndirməyə davam edir.

Minlərlə raket atılıb

Beynəlxalq qiymətləndirmələrə görə, İran “12 Günlük Müharibə” zamanı İsrailə 631 raket buraxıb. Onlardan 500-ü İsrail ərazisinə çatıb, 243-ü açıq sahələrə, 36-sı yaşayış məntəqələrinə düşüb, 221 raket isə hava müdafiə sistemləri tərəfindən məhv edilib. Eyni dövrdə İsrail ordusu İran hədəflərinə qarşı təxminən 1 200 hava zərbəsi və 250 idarə olunan raket əməliyyatı həyata keçirib. BMT hesabatlarında hücumlar zamanı mülki infrastruktura ziyan dəydiyi və çoxsaylı sursatın yaşayış ərazilərinə düşdüyü qeyd olunub. Tehran isə növbəti qarşıdurmaya hazır olmaq üçün azı 2 min orta mənzilli ballistik raket və minlərlə qısa mənzilli raketi yenidən ehtiyatda saxlayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki