Abituriyentlərin qəbul imtahanlarına hazırlıq prosesini asanlaşdıracaq yeni süni intellekt əsaslı platforma təqdim olunub.
Referans Media xəbər verir ki, bu barədə texnobloqqer Fərid Pərdəşünas məlumat paylaşıb.
Onun sözlərinə görə, “icrammer.com” adlı platforma abituriyentlər üçün müxtəlif fənlər üzrə onlayn hazırlıq imkanı yaradır.
Texnobloqqerin sözlərinə görə, süni intellekt texnologiyası üzərində qurulan bu layihə abituriyentlərə virtual müəllim xidməti təklif edir:
“Şagirdlər mövzunu və çətinlik səviyyəsini seçərək süni intellekti birbaşa müəllim kimi istifadə edə bilirlər. Platformada 200 mindən çox tapşırıq bazası mövcuddur. Seçilmiş səviyyəyə uyğun olaraq testlər dərhal generasiya edilir. Abituriyentlər səhv etdikləri və ya çətinlik çəkdikləri sualların izahını birbaşa “AI müəllim”dən soruşa bilirlər. Cavablar saniyələr içində yoxlanılır və nəticələr təqdim olunur”.
F.Pərdəşünasın sözlərinə əsasən, hazırda platformada ilkin mərhələ olaraq riyaziyyat fənni üzrə proqram aktivdir. Lakin yaxın zamanda bazaya Azərbaycan dili və ingilis dili fənlərinin də əlavə olunacağı gözlənilir.
Bloqqer bu layihəni repetitor xidmətinin rəqəmsal və daha əlçatan versiyası kimi qiymətləndirib. Qeyd edək ki, bu təşəbbüs yerli və yaradıcı texnoloji layihələrə dəstək məqsədi daşıyır.
Süni intellektin təhsilə inteqrasiyası olan bu platforma, xüsusilə repetitor yanına getmək imkanı məhdud olan gənclər üçün böyük perspektivlər vəd edir.























