İddialara görə, Rusiya ilə İran arasında hava hücumundan müdafiə sistemi üçün raket anlaşması imzalanıb.
“Financial Times” qəzetinin əldə etdiyi məlumatlara görə, İran hava hücumundan müdafiəsini yenidən qurmaq məqsədilə Rusiyaya təxminən 500 milyon avroluq gizli raket anlaşması imzalayıb. İddialara görə, bu anlaşma çərçivəsində Rusiya üç il ərzində İrana 500 ədəd “Verba” daşına bilən buraxma qurğusu və 2500 ədəd “9M336” tipli raket təhvil verəcək.
Bəs, ABŞ və Avropa ölkələri İran və Rusiya arasında bu tip hərbi əməkdaşlığa hansı diplomatik reaksiyalar verə bilər?
Referans Media bildirir ki ,Sfera.az-a bu haqda açıqlama verən politoloq Əziz Əlibəyli iki dövlətin hərbi müttəfiqliyinin yeni fakt olmadığını və indiki vəziyyətdə İran ətrafında mümkün hücum strategiyasına status verilməsinin daha diqqətçəkən olduğunu qeyd edib:
“Yəni Qərb və Rusiya İran-Ukrayna cəbhəsində üz-üzə gəlirlər. Sadəcə burada oriyentir dəyişiklik olacaq. Ona görə hər iki dövlətin silaha müraciət etməsi danışıqların limitləndiyi və danışıqların alternativinin savaş olduğu qənaətinə dəfələrlə istinad etmələrinin nəticəsidir. Amma bütün hallarda region üçün müharibə qarşısıalınmaz qərarlar deməkdir”.
Məsələ ilə bağlı açıqlama verən politoloq Oqtay Qasımov Rusiya ilə İran arasında münasibətlərin 30 ildir yüksələn xəttlə inkişaf etdiyini bildirib. Onun sözlərinə əsasən, keçən ilin yanvarında da Rusiya ilə İran arasında strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb:
“Doğrudur, bu anlaşmada hər bir komponent olmasa da, ümumilikdə tərəflər arasında bu istiqamətdə müəyyənləşmə aparılacağı gözlənilən idi. Xüsusilə də 12 günlük savaşdan sonra İran tərəfində Rusiya ilə bağlı ciddi xəyal qırıqlığı yaşandı. Onlar düşünürdülər ki, məhz bu memorandumun məntiqi nəticəsi olaraq Rusiya İranı açıq şəkildə müdafiə etməlidir və burada da yanıldılar. Amma ondan sonrakı dövrdə Rusiya, şübhəsiz ki, İranın könlünü almaq üçün müəyyən addımlar atmağa başladı və tərəflər arasında həm Su-35 təyyarələrinin alınması ilə bağlı razılaşma əldə olundu, bundan başqa hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi və bu vasitələrin İrana ötürülməsi ilə bağlı razılaşma əldə edildi. Artıq yayılan məlumatlara görə 500 milyon dollar dəyərində bir anlaşma da imzalanıb”.
Ekspert Qərb ölkələrini, xüsusilə ABŞ-nin bu anlaşmaya münasibətinin neqativ olduğunu vurğulayıb:
“Amma nəzərə almaq lazımdır ki, Rusiya və İran suveren dövlətlərdir və onlar öz aralarında bu tip anlaşmaları imzalayarkən öz maraqlarını üstün tuturlar. O baxımdan veriləcək reaksiyaların Rusiya və İran arasındakı münasibətlərə hansısa ciddi təsir edəcəyini düşünmürəm. Doğrudur, Rusiya hazırda elə addım atmağa çalışır ki, Tramp administrasiyasını da qıcıqlandırmasın, amma eyni zamanda öz maraqlarını da təmin etsin. İranı müəyyən həddə müdafiə etməklə Rusiya həm də hesab edir ki, özünü müdafiə edir. Bu baxımdan Qərbin reaksiyalarının bu anlaşmaya çox ciddi təsir edəcəyini düşünmürəm”.























