Rusiyada yanacaq bazarında yaranmış gərginlik getdikcə daha açıq şəkildə özünü göstərir. Bir sıra regionlarda yanacaqdoldurma məntəqələrində (YDM) uzun növbələr yaranıb, bəzi benzin markalarının satışı məhdudlaşdırılıb, yerli hakimiyyət orqanları isə vəziyyəti nəzarətdə saxlamaq üçün fövqəladə tədbirlər müzakirə edir.
Məlumata görə, xüsusilə Oryol vilayətində yanacaq çatışmazlığı səbəbindən avtomobillərə satılan benzinin həcmi məhdudlaşdırılıb. Hazırda şəhərdaxili YDM-lərdə bir avtomobilə maksimum 30 litr, magistral yollar üzərində yerləşən məntəqələrdə isə 50 litr benzin satılır.
Oryol vilayətinin rəhbərliyi vəziyyətdən çıxış yolu kimi benzin satışının avtomobillərin dövlət qeydiyyat nişanlarının son rəqəmlərinə uyğun təşkil edilməsini təklif edib.
Layihəyə əsasən müəyyən günlərdə yalnız konkret nömrələrlə bitən avtomobillər yanacaq ala biləcək. Hər avtomobil üçün satış limiti 50 litr olacaq, əsas məqsəd YDM-lərdə yaranan uzun növbələri azaltmaq və yerli sakinlərin yanacaq təminatını qorumaqdır.
Rusiya Prezidenti Vladimir Putin də ölkədə yanacaq təminatında problemlərin mövcudluğunu etiraf edib. Onun sözlərinə görə, bəzi yanacaqdoldurma məntəqələrində növbələr yaranır və sürücülər istədikləri markalı benzini hər zaman tapa bilmirlər.
Putin bildirib ki, hökumət benzinin ixracını dayandırıb, dizel yanacağı üzrə də analoji addımlar nəzərdən keçirilir.
Problemlərlə yanaşı, Rusiyada yanacağın qiyməti də artmaqda davam edir.
Hazırda benzinin orta pərakəndə satış qiyməti litr üçün 72,38 rubl təşkil edir.
Yanacaq çatışmazlığını aradan qaldırmaq məqsədilə Rusiya artıq Hindistandan benzin idxal etməyə başlayıb.
Məlumatlara əsasən artıq 60 min ton benzin Rusiyaya göndərilib.
Yaxın aylarda aylıq idxalın 400 min tona qədər artırılması planlaşdırılır.
Belarus da Rusiyaya benzin tədarükünü əhəmiyyətli dərəcədə artırıb.
Problemin səbəbi nədir?
Ekspertlər yaranmış vəziyyəti bir neçə amillə izah edirlər.
Ukrayna müharibəsi fonunda enerji infrastrukturuna zərbələr, neft emalı müəssisələrinin fəaliyyətində yaranan fasilələr.
Bundan başqa, logistika problemləri, əhalinin təşviş içində normadan artıq yanacaq almağa çalışması.
Rusiya hökuməti ehtiyatların kifayət qədər olduğunu bildirsə də, bölgələrdə yaranan növbələr və satış məhdudiyyətləri bazarda tarazlığın hələ də bərpa olunmadığını göstərir.
