Rusiyanın Ukraynada SOCAR-ın anbarına ard-arda zərbələr endirməsindən sonra Azərbaycanın bu ölkəyə silah sata biləcəyinə dair məlumatlar yayılıb. Belə ki, əgər Rusiya Azərbaycanın neft və qaz infrastrukturlarını hədəf almağa davam edərsə, Bakı öz arsenalındakı silahların Kiyevə göndərilməsinə qoyduğu embarqonun aradan qaldırılmasını nəzərdən keçirə bilər.
Ukrayna mediasında Azərbaycanın sahib olduğu silahlar haqda müsbət fikirlər yazılıb. Bu məsələ Rusiya siyasi arenasında ciddi narahatlıqla qarşılanıb.
Söhbət hansı silahlardan gedir? Ukrayna müharibəsinin xarakterinə baxsaq, Azərbaycanın hansı silahları orada effektiv iş görə bilər?
Referans bildirir ki, Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycanın Ukraynaya müəyyən silahlar göndərməsi barədə fikirlər hələlik rəsmi təsdiqlənməyib:
“Bu barədə yalnız mediada məlumatlar yayılıb. Konkret hansı silahların veriləcəyi və onların çeşidi dəqiq məlum deyil. Lakin Azərbaycan kifayət qədər geniş silah arsenalına malikdir. Bu silahların bir çoxu İsrail, Türkiyə və yerli müdafiə sənayesi şirkətləri tərəfindən istehsal olunur. Bəziləri isə 44 günlük müharibədən əvvəl Rusiyadan alınıb. Həmçinin Azərbaycan geniş zirehli texnika parkına da sahibdir. Bu arsenalda T-72 və T-90 ağır tankları yer alır və onların əksəriyyəti modernləşdirilib”.
Ekspert qeyd edib ki, ölkəmizdə çox sayda pilotsuz uçuş aparatı mövcuddur:
“Müdafiə sənayesi şirkətləri yüzlərlə müxtəlif hərbi təyinatlı vasitə, avadanlıq, silah və sursat istehsal edir. Bu baxımdan, Ukraynaya BMP-3 piyadaların döyüş maşınları, T-90 və T-72 tankları, eləcə də yerli istehsal olunan silah və sursatların göndərilməsi ehtimalı yüksəkdir. Bu texnika Ukrayna ordusu tərəfindən qısa zamanda mənimsənilə bilər, çünki müharibə zamanı onlardan istifadə təcrübəsi mövcuddur. Beləliklə, qeyd olunan silahlar Ukrayna ordusuna öz ərazilərini müdafiə etməkdə effektiv dəstək verər”.