Azərbaycan Respublikasının Milli Məclisində növbədənkənar sessiyanın çağırılması ilə bağlı qərar qəbul edilib. Qərar deputatların müraciəti əsasında rəsmiləşdirilib və parlamentin qarşıdakı dövr fəaliyyəti üçün mühüm gündəlik formalaşdırıb.
Referans Media xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova 82 deputatın tələbi əsasında növbədənkənar sessiyanın çağırılması barədə sərəncam imzalayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sessiya Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə uyğun olaraq 1 iyun 2026-cı il tarixindən fəaliyyətə başlayıb.
Məsələ ilə bağlı Referans Media-ya danışan deputat Azər Badamov bildirib ki, gündəlikdə hələ də müzakirə olunmalı kifayət qədər qanun layihəsi mövcuddur.
Deputatın sözlərinə görə, növbədənkənar sessiya çərçivəsində həmin qanun layihələri parlamentin müzakirəsinə çıxarılacaq:
“Gündəlikdə kifayət qədər müzakirə olunmalı qanun layihələri qalmaqdadır. Milli Məclisin növbədənkənar sessiyası çağırıldığı təqdirdə həmin qanun layihələri müzakirəyə çıxarılacaq. Həmçinin yaz sessiyası başa çatsa da, deputatlar iyulun 15-dək rəsmi olaraq iş başındadırlar. Bu baxımdan növbədənkənar sessiyanın çağırılmasını qeyri-adi hadisə hesab etmirəm”, – deyə Azər Badamov vurğulayıb.
Növbədənkənar sessiyanın əsas məqsədi parlament gündəmində qalan qanun layihələrinin vaxtında müzakirəsini təmin etmək və qanunvericilik prosesinin fasiləsizliyini qorumaqdır. Sessiya çərçivəsində bir sıra mühüm sosial-iqtisadi və hüquqi məsələlərin də gündəmə gətirilməsi gözlənilir.
Beləliklə, Milli Məclisin növbədənkənar sessiyası ölkənin qanunvericilik fəaliyyətində davamlılığın təmin edilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir. Qərarın yaxın günlərdə parlament işinin daha intensiv mərhələyə keçməsinə səbəb olacağı gözlənilir.
