Aprelin 14-də yayımlanan İspaniyanın Al Cielo Con Ella verilişinə müsahibəsində Şakira qadın həmrəyliyi ilə bağlı növbəti dəfə sərt və diqqətçəkən açıqlama verib.
Referans Media xəbər verir ki, müğənni dünya turnesi “Las Mujeres Ya No Lloran”ın konsepsiyasından danışıb.
O, bu layihə çərçivəsində qadın gücü, müstəqilliyi və həmrəyliyini əks etdirən “dişi canavarın 10 əmri”ni təqdim etdiyini bildirib.
Aparıcının diqqət yetirdiyi əsas məqamlardan biri beşinci bənd olub:
“Dişi canavar hücum etmir — özünü müdafiə edir.” Aparıcı soruşub ki, bu prinsip həmişə işləyirmi?
Şakira cavabında qeyd edib ki, bu “əmrlər”in əsasında iki əsas fikir dayanır:
Özünü sevmək və “sürü”nü, yəni başqa qadınları dəstəkləmək.
“İstəyirəm ki, biz rəqabət aparmayaq, bir-birimizə kömək edək və bir-birimizi dəstəkləyək, xüsusilə də qadınlar”, — deyə müğənni vurğulayıb.
Bununla yanaşı, Şakira keçmiş ABŞ dövlət katibi Madlen Olbraytın məşhur sözlərini də xatırladıb:
“Başqa qadınlara kömək etməyən qadınlar üçün cəhənnəmdə xüsusi yer var.”
Müğənninin sözlərinə görə, məhz bu fikir onun fəlsəfəsinin əsasına çevrilib və “dişi canavarın əmrləri”nin yaranmasına ilham verib.
Bu açıqlamanın konteksti də pərəstişkarların diqqətindən yayınmayıb. Belə ki, 2022-ci ildə futbolçu Jerar Pike ilə qalmaqallı ayrılıqdan sonra, onun Klara Çia Marti ilə xəyanət etdiyi barədə iddialar fonunda Şakira yaradıcılığında tez-tez üstüörtülü, bəzən isə açıq eyhamlara yer verir.
Məsələn, “əmr”lərdən birində belə ifadə səslənir:
“Dişi canavarlar özgənin malına göz dikmir” və buna claramente (“aydın şəkildə”) sözü əlavə olunur. Pərəstişkarlar bunu Klara adının söz oyunu kimi qəbul ediblər. Şakira bu üsuldan daha əvvəl səs-küylü BZRP Music Session #53 mahnısında da istifadə etmişdi.
Müğənninin turnesi rekordlar qırmaqda davam edir. Meksikoda onun konsertlərini təxminən 400 min tamaşaçı izləyib. Qarşıda isə daha böyük çıxışlar var. Onlardan biri Braziliyada Kopakabana çimərliyində baş tutacaq konsertdir və burada 1 milyona qədər tamaşaçı gözlənilir./Bizim.Media























