ABŞ-ın Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalar ölkənin iqtisadi bərpasına kömək etmir.
Referans Media xəbər verir ki, bu fikirləri Rusiyanın Venesueladakı səfiri Sergey Melik-Bağdasarov TASS agentliyinə müsahibəsində səsləndirib.
Diplomat bildirib ki, ABŞ-ın birtərəfli məhdudlaşdırıcı tədbirləri uzun müddətdir Venesuela iqtisadiyyatına ciddi zərbə vurur və xüsusilə həssas sosial qruplar üçün ağır nəticələr doğurur.
Onun sözlərinə görə, Vaşinqton siyasətinin məqsədlərindən birinin Venesuelanın rifahı olduğu bəyan edilsə də, mövcud sanksiyalar iqtisadi dirçəlişə heç bir töhfə vermir:
“Amerikalıların özlərinin də dediyi kimi, ‘danışmaq ucuzdur’.”
Səfir əlavə edib ki, ABŞ 3 yanvardan əvvəl Venesuelaya münasibətdə niyyətlərini açıq şəkildə ortaya qoyub və bu niyyətlər əsasən ölkənin resurslarına, xüsusilə enerji sektoruna nəzarətlə bağlıdır.
“Bu, müasir müstəmləkəçiliyin formalarından biridir və təəssüf ki, XXI əsrdə də davam edir. Belə yanaşma ilə hər hansı azadlıqdan danışmaq çətindir”, – deyə o vurğulayıb.























