Sarıgüllə bağlı sensasion səs yazısı İDDİASI: İmamoğlu haqqında nə deyib?

Türkiyədə Mustafa Sarıgülün ailəsinə qarşı aparıldığı bildirilən çirkli pulların yuyulması ilə bağlı istintaq çərçivəsində yeni iddia gündəmə gəlib. İddialara görə, iş materiallarına daxil edilən səs yazısında Türkiyə siyasətçisinin Ekrem İmamoğlu haqqında sərt ifadələr işlətdiyi eşidilir.

Referans Media xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun “cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması” ittihamı üzrə apardığı istintaq çərçivəsində jurnalist Murat Ağırel, Mustafa Sarıgülün keçmiş həyat yoldaşı Aylin Kotil və oğlu Ömer Sarıgülün də daxil olduğu 15 nəfərin həbs edildiyi bildirilir. İstintaq çərçivəsində daha iki nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Yeni Parti-nin Ərzincan millət vəkili Mustafa Sarıgül həbslərdən sonra sosial şəbəkə hesabında açıqlama yayaraq baş verənlərə etiraz edib. O, ailə üzvlərinin və dostlarının günahsızlığının sübuta yetirilməsi üçün hüquqi mübarizəni davam etdirəcəklərini bildirib. Sarıgül açıqlamasında Türkiyə vətəndaşlarının şərəf, ləyaqət və azadlığının dövlət tərəfindən qorunmalı olduğunu vurğulayıb. O, məhkəmə sisteminin şəxsi kin və düşmənçilik məqsədilə istifadə edilməməli olduğunu qeyd edib. Siyasətçi ittiham irəli sürən şəxslərin təqdim etdiyi sənədlərin saxta olduğunu iddia edərək hüquqa inamlarını itirmədən mübarizələrini davam etdirəcəklərini bildirib.

Xəbərdə yer alan iddialara görə, almaniyalı iş adamları Kai Precat və Marc Baeriswyl təhdidlər və milyonlarla avro dəyərində olduğu bildirilən mübahisə ilə əlaqədar hüquqi prosesə beynəlxalq müstəvidə davam veriblər.

Məlumata əsasən, Kai Precat 2026-cı il oktyabrın 6-da İspaniyanın Palma-de-Malyorka şəhərində İspaniya Milli Polisinə rəsmi şikayət edib. Eyni zamanda, alman şirkətlərinin nümayəndəsi, vəkil Frank Häbererin Almaniyanın Berlin, Landshut və Münhen I prokurorluqlarına, eləcə də Avstriya və İsveçrənin hüquq-mühafizə orqanlarına müraciət edərək Türkiyə ilə əlaqəli pul axınlarının araşdırılmasını tələb etdiyi bildirilir.

Səs yazısında İmamoğlu ilə bağlı hansı ifadələr səslənib?

“Sabah” qəzetində Atakan Irmakın imzası ilə dərc olunan xəbərə görə, istintaq materiallarına daxil edildiyi və ekspertiza tərəfindən təhlil olunduğu iddia edilən səs yazısında Mustafa Sarıgül ilə almaniyalı iş adamlarının nümayəndəsi Sinan Çampınar arasında söhbət yer alır.

İddiaya görə, söhbət zamanı Ekrem İmamoğlu haqqında danışan Sarıgül belə deyib: “İmamoğlunun bizə etdiyi alçaqlığı heç kim etməz, sən narahat olma”.

Çampınarın isə “Haqq edir, başqanım. Bir kodeks var idi, yol yoldaşı olduğun adam satılmaz” dediyi, Sarıgülün də buna cavab olaraq “Şərəfsiz” ifadəsini işlətdiyi iddia olunur.

Qeyd edək ki, səs yazısının məzmunu və orada səsləndiyi bildirilən ifadələr xəbərdə iddia kimi təqdim edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki