Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyninin fikirləri müzakirələrə səbəb olub. Belə ki, o, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevaya Milli Qəhrəman adı verilməsi və xüsusi mükafat təyin olunmasını təklif edib. Onun sözlərinə görə, Ombudsman minlərlə insanın şikayətini dinləyir və onların həlli istiqamətində mühüm iş aparır. Eyni zamanda, qurumun fəaliyyət imkanlarının genişləndirilməsi üçün büdcəsinin on dəfə artırılmasının vacibliyini də vurğulayıb.
Milli Qəhrəman statusu kimlərə verilir və verilməlidir?
Referans Media xəbər verir ki, globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, “Azərbaycanın Milli Qəhrəmanı” və “Vətən müharibəsi qəhrəmanı” adları respublikanın ən yüksək fərqlənmə dərəcəsi hesab olunur.
O bildirib ki, bu adlar Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə təqdim edilir:
“Belə bir adın Ombudsmana verilməsini təklif edən Rauf Zeynini qətiyyən tanımıram. Belə bir təklifin irəli sürülməsi də tamamilə absurddur. Çünki Ombudsman bu gün Azərbaycan xalqı qarşısında heç bir xüsusi xidmət göstərməyib. O, sadəcə öz vəzifələrini yerinə yetirir. Bunun üçün də dövlət Ombudsmanı zəruri aparat, əməkdaş, bina, xidməti maşın, yüksək maaş və sairlə təmin edib”.
Ə.Verdiyev deyib ki, əgər Rauf Zeyni Milli Qəhrəman adının 2016-cı ilin aprel döyüşlərində şəhid olan kapitan Mühüd Orucova verilməsini təklif etsəydi, bəlkə də bu təkliflə razılaşardı:
“Çünki mən Mühüd Orucovun Azərbaycan xalqı qarşısında nə qədər böyük xidmətləri olduğunu araşdırmışam. Bu məsələ barədə geniş məqaləm var. Onlarla dəfə düşmən arxasına keçən oğullarımız hələ də layiq olduğu adı gözləyir. Ombudsmana belə bir adın verilməsinə zərurət yoxdur. Şəxsən mən 2024-cü ilin sonundan 2025-ci ilin ortalarınadək təxminən dörd ay ərzində bir neçə dəfə özüm və ailəm adından Ombudsmana müraciət etmişik. Lakin cavab ala bilməmişəm. Ona görə də öz vəzifə borclarına məsuliyyətsiz yanaşan şəxslərin ildə bir dəfə Milli Məclisdə heç vaxt qəbul edilməyən təkliflər səsləndirdiyinə görə yüksək adlara layiq görülməsi barədə irəli sürülən təklif mənim üçün qəbuledilməzdir”.






















