Sensasiya! II Liqa klubu “Sportinq”i məğlub edib Avropa Liqasına yüksəldi

"Torreense" Portuqaliya futbolunda tarix yazıb. II Liqa təmsilçisi olan klub ölkə kubokunun finalında "Sportinq" üzərində sensasiyalı qələbə qazanaraq həm kuboka sahib çıxıb, həm də UEFA Avropa Liqasına vəsiqə əldə edib.

Referans Media xəbər verir ki, Portuqaliya Kubokunun final qarşılaşması "Estadio Nacional" stadionunda baş tutub. Gərgin keçən oyunda “Torreense” “Sportinq”i əlavə vaxtda 2:1 hesabı ilə məğlub edib.

Matçda hesab erkən açılıb. “Torreense” 4-cü dəqiqədə Kevin Zohinin qolu ilə önə keçib və ilk hissəni üstün başa vurub. “Sportinq” isə 54-cü dəqiqədə Luis Suaresin dəqiq zərbəsi ilə hesabı bərabərləşdirərək oyunu əlavə vaxta daşıyıb.

Qarşılaşmanın taleyini isə əlavə vaxt müəyyənləşdirib. “Sportinq”in futbolçusu Arauxo 109-cu dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Say üstünlüyündən istifadə edən “Torreense” 113-cü dəqiqədə Tavares Stopiranın penaltidən vurduğu qolla yenidən önə keçib.

Qalan dəqiqələrdə hesab dəyişməyib və II Liqa təmsilçisi möhtəşəm sensasiyaya imza ataraq Portuqaliya Kubokunu qazanıb.

Bu nəticə ilə “Torreense” gələn mövsüm UEFA Avropa Liqasında birbaşa iştirak hüququ əldə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki