İran ətrafında baş verən son hadisələr bu ölkədə ciddi idarəçilik böhranının yarandığını göstərir. Tehran rəhbərliyindən gələn bir-birinə zidd açıqlamalar artıq İran dövlət aparatının faktiki olaraq vahid mərkəzdən idarə olunmadığını göstərən ən açıq siqnallardan biri kimi qiymətləndirilir.
Referans Media Musavat.com-a istinadən xəbər verir ki, son günlərdə İran prezidenti Məsud Pezeşkian region ölkələrinə müraciət edərək bildirib ki, İran silahlı qüvvələri qonşu dövlətlərə hücum etməyəcək və yalnız İran ərazisinə qarşı hücum olarsa cavab veriləcək. Prezidentin bu açıqlaması bir növ diplomatik sakitləşdirmə cəhdi kimi təqdim olunub.
Lakin bu bəyanatdan dərhal sonra İranın hərbi strukturları və xüsusilə SEPAH tam fərqli mövqe ortaya qoyub. “Prezident bu açqqlama ilə səhvə yol verib”, deyə, SEPAH sözçüləri rəsmi bəyanat yayıblar, “Məsud Pezeşkiana fikir verməyin”, deyiblər.
İranın silahlı qüvvələrinə bağlı “Xatəm əl-Ənbiya” qərargahı isə başından böyük qələtə yol verib. Bu qurum Bakı ilə bağlı sərt bəyanat yayıb və region ölkələrinə qarşı hədələyici ritorika səsləndirib.
Bu ziddiyyətlər artıq İranın klassik dövlət idarəçiliyindən uzaqlaşdığını göstərir. Bir tərəfdən prezident qonşulardan üzr istəyir və gərginliyin azalmasını istəyir, digər tərəfdən isə hərbi strukturlar prezidentin mövqeyini faktiki olaraq rədd edən açıqlamalar verir.
İran artıq kim tərəfindən idarə olunur?
Analitiklərin fikrincə, bu vəziyyət İranın siyasi sistemində dərin böhran yarandığını göstərir. Rəsmi strukturların açıqlamaları artıq vahid dövlət mövqeyi kimi qəbul edilmir.
İranın Xarici İşlər Nazirliyinin və prezidentin bəyanatlarının ardınca SEPAH-a bağlı strukturların fərqli və daha sərt mövqelər ortaya qoyması göstərir ki, ölkədə real qərarvermə mexanizmi parçalanıb.
Bir çox müşahidəçilər hesab edir ki, İran faktiki olaraq “səhra generallarının” idarə etdiyi vəziyyətə gəlib çıxıb. Yəni orta və aşağı səviyyəli hərbi komandirlər ölkənin regional siyasətinə təsir göstərməyə başlayıblar.
Qonşulara qarşı hücumlar
İran müharibənin başlanmasından bəri region ölkələrinə qarşı da gərginlik yaradan addımlar atıb. Məlumata görə:
• Türkiyəyə iki ballistik raket atılıb
• Azərbaycana dörd pilotsuz uçuş aparatı göndərilib
• Körfəz regionunda bütün dövlətlər raketlərlə vurulub.
Bu addımlar İranın regional siyasətinin artıq sistemli deyil, daha çox xaotik xarakter aldığını göstərir.
Azərbaycanla bağlı sərt bəyanat
İranın silahlı qüvvələrinə bağlı “Xatəm əl-Ənbiya” qərargahı isə Bakı ilə bağlı ayrıca bəyanat yayıb.
Bəyanatda İran tərəfi regionda ABŞ və İsrailə qarşı mübarizə apardıqlarını bildirərək, bununla yanaşı qonşu ölkələrin təhlükəsizliyinə zərər verməməyə çalışdıqlarını iddia edib.
Müraciətdə xüsusilə Azərbaycanın adı çəkilərək Bakıya açıq mesaj verilib. İran hərbi strukturu bildirib ki, regionda sabitliyin qorunması üçün Azərbaycan “sionistləri ölkədən çıxarmalıdır”.
Bəyanatda deyilir ki, Azərbaycan müsəlman və İranla qonşu ölkə kimi regionda gərginliyin yayılmasına imkan verməməlidir, əks halda bunun təhlükəsizlik baxımından ciddi nəticələri ola bilər.
İran tərəfi iddia edib ki, İsraillə əlaqələr regionda sabitliyə təhlükə yaradır və bu səbəbdən Bakı “öz xalqının və İranın təhlükəsizliyini riskə atmamalıdır”.
Bu cür bəyanatlar İran rəhbərliyində koordinasiyanın itirildiyini göstərir. Prezidentin və diplomatik strukturların açıqlamaları ilə hərbi qurumların ritorikası arasında dərin uçurum yaranıb. Bir sözlə, İranda ara qarışıb, məzhəb itib.
Eyni zamanda İran rəhbərliyinin yalnız xarici güclərlə deyil, öz xalqı ilə də ciddi qarşıdurma yaşadığı bəllidir.
Bəli, ABŞ və İsrailin son bombardmanlarında yüzlərlə iranlı həyatını itirib. Lakin bir statistika da var: bu ilin yanvar ayında ölkə daxilində baş verən hadisələr zamanı rejimin sərt repressiyaları, qırğınları nəticəsində 30 min iranlı öldürülüb. Amerka-İsrail bombardımanlarında ölınlərdən 100 dəfə çox!
Analitiklər hesab edir ki, bu vəziyyət İranın həm beynəlxalq müstəvidə, həm də daxildə ciddi legitimlik böhranı yaşadığını göstərir.
Azərbaycan rəhbərliyi isə ölkənin təhlükəsizliyi ilə bağlı mövqeyini dəfələrlə açıq şəkildə ifadə edib.
Prezident İlham Əliyevin son vurğulandığı kimi, Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün bütün imkanlara malikdir.
Azərbaycanın “Dəmir yumruğu” hər zaman hazırdır və ölkəyə qarşı hər hansı hücum və ya təhdid adekvat cavablandırılacaq.























