Sərhəd gərginliyi artır: Pakistan 7 İŞİD hədəfini vurdu

Pakistan və Əfqanıstan arasında dünən gecədən bəri davam edən toqquşmalarda gərginlik artıb.

Referans Media xəbər verir ki, Pakistanın Daxili İşlər Naziri Talal Çaudri bildirib ki, Əfqanıstan ərazisində İŞİD hədəflərinə yönəlmiş hava zərbələrində 7 müxtəlif obyekt vurulub və ən azı 70 terrorçu məhv edilib.

Talal Çaudri əməliyyatların istintaqa əsaslanaraq həyata keçirildiyini açıqlayıb. Pakistan Talibanı (TTP) və İŞİD-in Xorasan qolu ilə bağlı 7 nöqtə zərbə altında olub. Öldürülən terrorçuların çoxunun Pakistan vətəndaşı olduğu bildirilib. Talal Çaudri Əfqanıstan hökumətini 2020-ci il Doha razılaşmalarına əməl etməməkdə ittiham edib.

“Əfqanıstan və hökuməti sözlərini tutmadı və terrorizmi dayandırmadı. Pakistan isə məsuliyyətli dövlət olaraq həm minlərlə Əfqan qaçqınına ev sahibliyi edir, həm də iqtisadi yardım göstərir. Biz qonşularımızla yaxşı münasibətlər qurmaq istəyirik,” – deyə Çaudri bildirib.

Əfqan tərəfi bildirir ki, Pakistanın hücumları nəticəsində Paktika və Nəngərhar vilayətlərində çoxu mülki olmaqla 25 nəfər həlak olub. Əfqanıstan Hərbi Nazirliyi və rəsmi sözçüsü Zabihullah Mücahid Pakistanın mülki əhaliyə zərbə vurmasını sərt tənqid edib. Nazirlik əlavə edib ki, Pakistanın hərəkətləri beynəlxalq hüquqa, yaxşı qonşuluq prinsiplərinə və islami dəyərlərə ziddir. Əfqanistan “uyğun zamanda hesablanmış cavab verəcəyini” açıqlayıb.

“Pakistan ordusunun hava hücumları mülki əhaliyə yönəlib, uşaqlar və qadınlar da hədəf alınıb. Bu, Pakistanın daxili uğursuzluqlarını ört-basdır edə bilməyəcək,” – deyə açıqlamada qeyd olunub.

Pakistan-Əfqanıstan sərhədində gərginlik yüksəkdir. Hər iki tərəf media vasitəsilə qarşılıqlı ittihamlar səsləndirir. Əfqanıstan hökuməti ölkənin suverenliyini qoruyacağını və lazımi tədbirləri görəcəyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki