ABŞ mətbuatında prezident Donald Trampın İranla bağlı vəziyyətdə guya tələyə düşdüyü barədə yayılan xəbərlər ictimai rəyi yoxlamaq məqsədi daşıyır. Bu, amerikalıların Tehrana qarşı mümkün nüvə zərbəsinə necə reaksiya verəcəyini anlamaq üçün atılan bir addımdır.
Referans Media xəbər verir ki, bu barədə amerikaşünas və politoloq Aleksandr Asafov Gazeta.ru nəşrinə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, ABŞ mediasında yer alan bu cür məqalələri olduğu kimi qəbul etmək olmaz, çünki bu, ictimai şüurda gələcək aqressiv hərəkətlərin leqallaşdırılması üçün hazırlıqdır.
Politoloq qeyd edib ki, Pentaqonda İrana qarşı nüvə zərbəsi endirmək imkanları kifayət qədər açıq şəkildə müzakirə olunur. Asafovun fikrincə, İrandakı vəziyyət artıq Trampın nəzarətindən çıxıb, ABŞ lideri isə ya çox sərt addımlar atmalı, ya da İranın şərtləri ilə qismən razılaşaraq qələbə qazanmış kimi görünməlidir.
Eyni zamanda, analitik Stiven Kollinson CNN üçün yazdığı məqalədə bildirib ki, Donald Trampın İranla bağlı ziddiyyətli bəyanatları onun öz qərarları nəticəsində yaratdığı tələdə qaldığını göstərir. Məqalədə qeyd olunub ki, strateji mövqeni əsaslı şəkildə dəyişmək üçün prezident daha intensiv və uzunmüddətli hərbi əməliyyatlara əmr verməli ola bilər, bu isə İrandan cavab reaksiyasına səbəb olacaq./Publika.az
