SON DƏQİQƏ! Peşə təhsili ilə bağlı BU YENİLİKLƏR OLACAQbackend

SON DƏQİQƏ! Peşə təhsili ilə bağlı BU YENİLİKLƏR OLACAQ

Peşə təhsili – Azərbaycanın iqtisadi sabitliyi üçün strateji fürsət Azərbaycanda peşə təhsili üzrə aparılacaq yeni islahatlar cəmiyyətin və iqtisadiyyatın aktual ehtiyaclarına cavab verə bilər. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun sözlərinə görə, artıq bəzi ixtisaslar qəbuldan çıxarılacaq, yeniləri isə əlavə olunacaq. Lakin mütəxəssislər bu addımın yalnız formal dəyişikliklərlə məhdudlaşmamalı olduğunu bildirirlər.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Referans-a verdiyi açıqlamada bildirir ki, peşə təhsilinin inkişafı və əmək bazarına uyğunlaşdırılması Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Uzun illər yalnız ali təhsilin təbliği nəticəsində minlərlə gənc işsiz “diplomlu” təbəqəyə çevrilib. Halbuki bir çox inkişaf etmiş ölkələrdə sosial və iqtisadi dayanıqlılıq məhz güclü peşə təhsili ilə təmin olunur. Əsas problemlərdən biri isə peşə təhsilinin cəmiyyət tərəfindən “zəif oxuyanların getdiyi yer” kimi qəbul edilməsidir. Bu stereotip peşə məktəblərinin nüfuzunu azaldır və onların potensialının reallaşmasına mane olur. Bu yanaşmanın dəyişməsi üçün yalnız texniki baza deyil, ictimai şüur da dəyişdirilməlidir.

Ekspert onu da diqqətə çatdırıb ki, peşə təhsili təbliğ olunmalı, nüfuzlu karyera yolu kimi təqdim edilməlidir. Əgər islahatlar real tətbiq planına əsaslanarsa, regionlarda iqtisadiyyatın strukturuna uyğun ixtisaslaşma aparılar, işəgötürənlərlə əməkdaşlıq gücləndirilər və tələbələrə təhsil dövründə praktiki bacarıqlar qazandırılar. Peşəkar müəllimlərə isə xüsusi status verilməlidir. Bu islahat yalnız struktur dəyişikliklərlə deyil, eyni zamanda Peşə Təhsili üzrə Dövlət Agentliyinin strateji düşüncə mərkəzinə çevrilməsi ilə mümkündür. Əks halda hər il elan olunan yeni ixtisaslar da nəticə verməyəcək, işsiz məzunlar və peşəkar axtaran işəgötürənlər problemi davam edəcək.

“Əgər peşə təhsili düzgün istiqamətdə inkişaf etdirilərsə, bu sistem Azərbaycanın iqtisadi inkişafında mühərrik rolunu oynaya bilər. Bu mühərriki hərəkətə gətirmək üçün konkret addımlar, dayanıqlı strategiyalar və cəmiyyətin bütöv dəstəyi vacibdir”,- deyə Kamran Əsədov qeyd edib.

Gülgəz Qədirova

Referans  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki